Əsgərlikdə güllələnən hərbçiyə “yararsız” statusu verilib - Orduya qayıtmaq istəyir

esgerlikde-gullelenen-herbciye-yararsiz-statusu-verilib
Oxunma sayı: 3396

2021-ci ilin aprelində hərbi xidmətə yollanan Lənkəran rayon sakini Riyad Əliyev əsgərlikdə olduğu vaxt güllə xəsarətləri alıb.

“Qafqazinfo”ya müraciət edən R.Əliyev bildirib ki, 6 aprel 2022-ci il tarixində xidmət zamanı bədənindən 5 güllə yarası alıb və daha sonra ordu sıralarından tərxis edilib.

Belə ki, hərbçi yoldaşı tərəfindən güllələnən şəxs yararsız statusu ilə ordu sıralarından kənarlaşdırılıb. Lakin o, hazırda sağlamlığının tam bərpa edildiyini deyir və xidmətə geri dönmək istəyir. Şikayətçi hərbi biletindəki “yararsız” sözünün də dəyişdirilərək “yararlı” edilməsini tələb edir: “Hazırda səhhətim bərpa olunduğu üçün dövlətimə yenidən xidmət etmək və işləmək məqsədilə hərbi biletimin “yararlı” statusu ilə bağlı qanunvericiliyə uyğun qərar verilməsini istəyirəm. Belə ki, Səfərbərlik Xidmətinin rəsmi göndərişi ilə Bakı Mərkəzi Hərbi Hospitalının komissiyasına müraciət etmişəm. Lakin aylardır müxtəlif qurumlara yönləndirilirəm. Hospitalın komissiyası məni Topçubaşov adına Cərrahiyyə İnstitutuna yönləndirir, lakin elektron göndərişlə bağlı problemlər səbəbindən müayinədən keçməkdə çətinlik yaşayıram”.

Xəbəri rus dilində oxuyun: Комиссованный после 5 пулевых ранений солдат просится на службу

Riyad Əliyev özü ilə bağlı vəziyyəti qeyri-müəyyən qiymətləndirir: “Hazırda nə işləməyim üçün lazım olan qərarı ala bilirəm, nə də sosial təminat məsələləri ilə bağlı vəziyyətimə tam aydınlıq gətirilir. Bu proses mənim işləməyimə, ailə qurmağıma və gələcəyimi planlaşdırmağıma ciddi təsir göstərir. Mən Vətənə xidmət etmiş bir hərbi qulluqçu kimi yalnız işimin obyektiv araşdırılmasını və qanunvericiliyə uyğun, əsaslandırılmış qərar verilməsini xahiş edirəm”.

İddialarla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, Lənkəran rayon sakini 2003-cü il təvəllüdlü Əliyev Riyad Cavid oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 3 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib: “Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Riyad Əliyev ilə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən də mövqe öyrəndik. Qurumdan müraciətimizə cavab olaraq qeyd edildi ki, Nazirlər Kabinetinin 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət  tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər: “Vətəndaş əvvəllər müəyyən edilmiş diqnozunun dəyişdiyi barədə dövlət tibb müəssisəsindən alınmış sənədlərlə SHXÇDX-nin hərbi qeydiyyatda olduğu yerli struktur qurumuna müraciət etməli, ərizəsi əsasında tibbi müayinəyə göndərilməlidir. 

Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşların təkrar şəhadətləndirilmə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozunun dəyişdiyi təsdiqlənərsə, bu barədə hərbi biletində müvafiq qeydlər aparılır”.

Aslan Vəliyev