Mərhum türk tarixçisi və yazıçısı, professor İlber Ortaylının vəfatından sonra ona məxsus bəzi şəxsi əşyaları satışa çıxarılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun əşyalarının qızı Tuna Ortaylı tərəfindən ikinci əl satış qruplarında satışa çıxarıldığı iddiası Türkiyədə geniş müzakirələrə səbəb olub.
Məlumata görə, Tuna Ortaylı atasına məxsus fincan, vaza və digər məişət əşyalarını “WhatsAp” üzərindən fəaliyyət göstərən ikinci əl satış qruplarında 200–800 türk lirəsi arasında dəyişən qiymətlərlə satışa çıxarıb.
Xəbərin yayılmasından sonra sosial şəbəkələrdə bu addım birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər məşhur tarixçinin şəxsi əşyalarının satılmasını hörmətsizlik kimi qiymətləndirərək narazılıqlarını ifadə ediblər.
Müzakirələrdən sonra Tuna Ortaylı məsələ ilə bağlı açıqlama yayıb.
“Qrupu şəxsi məsələlərimlə məşğul etmək istəməzdim. Ancaq görürəm ki, burada paylaşdıqlarımın ekran görüntülərini çəkib xəbər hazırlamaqda heç bir problem görülməyib. Ona görə də məsələ ilə bağlı açıqlama vermək istəyirəm.
Atamın təkcə İstanbulda bağlanmalı olan yeddi evi var. Həmin evlərdə mənim üçün müqəddəs sayılan iş masaları və kitabları, həmçinin ailə üzvləri və yaxın dostlar arasında bölüşdürülən, xatirə kimi saxlanılacaq əşyalar istisna olmaqla, onun özünün aldığı və ya hədiyyə edilmiş çoxlu sayda əşya qalıb.
TEMA Vəqfi yaxın zamanda atamın adına xatirə meşəsi salacaq. Mən də düşündüm ki, bu əşyalar zibilə atılmaqdansa, həmin layihəyə töhfə versin deyə satışa çıxarım. Təəssüf ki, ölkəmizdə heç bir yaxşılıq cavabsız qalmır. İndi isə məni atamın əşyalarını sağa-sola satan vəfasız qız kimi ittiham edirlər. Hər halda, bu artıq o qədər də vacib deyil. Bu hadisədən sonra həmin qrupda daha heç nə satmayacağam. Daha əvvəl bu əşyalardan alan hər kəsə xatirə meşəsinə verdikləri töhfəyə görə bir daha təşəkkür edirəm.
Biz atamın adına bir kitabxana yaradacağıq. Çünki o, akademik kimi çay fincanları ilə deyil, kitabları ilə xatırlanmaq istəyərdi”, – deyə Tuna Ortaylı qeyd edib.




Son xəbərlər
Son Xəbərlər