SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) SOCAR və qabaqcıl avtomatlaşdırma, təhlükəsizlik və mühəndislik həlləri təqdim edən qlobal texnologiya şirkəti “Honeywell” arasında birgə əməkdaşlıq çərçivəsində yaradılan Əməliyyat Texnologiyaları Akademiyasının açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov SOCAR rəhbərliyinin təşəbbüsü ilə yaradılan Akademiyanın SOCAR və müəssisələrindəki mütəxəssislər, o cümlədən BANM-in həm müəllim heyəti, həm də tələbələri üçün mühüm imkanlar yaradacağını vurğulayıb.
Elmar Qasımov əlavə edib ki, Əməliyyat Texnologiyaları Akademiyası gələcəkdə yalnız SOCAR və onun müəssisələri üçün deyil, eyni zamanda ölkənin müxtəlif şirkətlərində çalışan mütəxəssislər üçün də əvəzsiz təlim platforması rolunu oynayacaq.
SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayeva çıxışında Əməliyyat Texnologiyaları Akademiyasının SOCAR-ın insan kapitalının inkişafına yönəlmiş strateji təşəbbüslərindən biri olduğunu diqqətə çatdırıb. O, “Honeywell” şirkəti ilə qurulan bu əməkdaşlıq çərçivəsində Akademiyada yaradılmış müasir avadanlıqların yüksəkixtisaslı kadrların hazırlanmasına və onların zəngin praktiki təcrübə qazanmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Tədbir Akademiyanın fəaliyyəti və imkanlarını əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib.
Daha sonra “Honeywell” şirkətinin Yaxın Şərq, Türkiyə və Afrika üzrə (META) regional prezidenti George Bou Mitri çıxış edərək qısa müddətdə yaradılan bu Akademiyanın strateji əhəmiyyət kəsb etdiyini və kadrların yetişdirilməsi baxımından mühüm rol oynadığını qeyd edib.
Tədbirin sonunda iştirakçılar təlim alətləri və avadanlıqlarla tanış olublar.










Son xəbərlər
Son Xəbərlər