Ağdamda 2025-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi - Fotolar

agdamda-2025-ci-ilin-yekunlarina-dair-hesabat-yigincagi-kecirildi
Oxunma sayı: 442

Bu gün Ağdam Muğam Mərkəzində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hesabat yığıncağında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov, Millət vəkilləri Bəxtiyar Əliyev, Elman Məmmədov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, RİH başçısı yanında şuranın üzvləri, Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələr, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, kütləvi informasiya vasitələrinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib. Tədbirdən əvvəl kənd təsərrüfatı məhsullarından ibarət sərgiyə baxış keçirilib. Ağdam Muğam Mərkəzində davam edən tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 2025-ci ildə görülmüş işlərdən bəhs edən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən RİH başçısı Vaqif Həsənov bildirib ki, 2025-ci ildə rayonda sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə sistemli və ardıcıl tədbirlər həyata keçirilib, dövlət proqramlarının icrası, ölkə Prezidentinin fərman və sərəncamlarının yerinə yetirilməsi təmin edilib. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, mühəndis-kommunikasiya və yol infrastrukturunun yenilənməsi, həmçinin təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı diqqət mərkəzində saxlanılıb.

Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov və digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq 2025-ci ildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını, eyni zamanda Ağdam rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılmasının cənab Prezidentin siyasətinin real nəticəsi olduğunu bildiriblər.

Daha sonra rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tövsiyələr verilib. Sonda yığıncaq iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.