“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”

ne-ucun-pomidor-qarpiz-kartof-evvelki-dadini-vermir
Oxunma sayı: 917

O vaxt Azərbaycanın hər bölgəsi öz məhsulu ilə tanınırdı. Qubanın alması, Göyçayın “Gülöyşə” narı, Lənkəranın çayı, Gədəbəyin ağçiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Muğanın taxılı, Sabirabadın bostan məhsulları uzun illər aparılan seleksiya işlərinin, yerli genetik ehtiyatların qorunmasının və elmi toxumçuluğun nəticəsi idi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında “Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

“Onlar dadına, ətrinə, qidalılıq dəyərinə, yerli iqlimə uyğunluğuna, xəstəliklərə davamlılığına görə seçilirdi. Təsadüfi deyil ki, XX əsrin  80-ci illərində Göyçay narının tingləri ilə ABŞ-da plantasiyalar salınırdı.

Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir? Yüksək məhsuldarlıq naminə keyfiyyəti və milli sortların genefondunu itiririk. Hibrid sortlar daha çox məhsuldardır, daşınmaya davamlıdır, eyni ölçüdə yetişir, uzun müddət xarab olmur, iri ticarət şəbəkələrinin tələblərinə uyğun gəlir. 

Əlbəttə, hər bir dövlət xaricdən aqrar texnologiyaya idxal edir. Fransanın, Hollandiyanın, İtaliyanın, Türkiyənin, İsrailin, ABŞ-nin toxumçuluq sahəsində qazandığı nailiyyətlərdən bəhrələnmək gərəkdir.

Lakin qanun layihəsi yerli seleksiya məktəbinin bərpasına, toxumçuluq üzrə elmi institutların və təcrübə təsərrüfatlarının gücləndirilməsinə, azad edilən ərazilərdə müasir toxumçuluq və seleksiya mərkəzlərinin yaradılmasına, yerli sortların dövlət reyestrinin və milli genetik ehtiyatların mühafizəsinə xidmət edir. 

Xatırladaq ki, Azərbaycanın ümumi torpaq fondu 8,64 milyon hektardır. Onun 4,8 milyon hektarı kənd təsərrüfatına, 1.8 milyon hektarı isə əkinə yararlıdır. Göründüyü kimi, münbit torpağımız qeyri-məhdud deyil - ona görə məhsuldarlığın əsas mənbəyi keyfiyyətli toxum, elm və müasir aqrotexnologiyadır”, - komitə sədri qeyd edib.

Nuranə Daxilqızı