2026-cı il dünya çempionatının dörddəbir finalında Fransanın Mərakeşi 2:0 hesabı ilə məğlub etməsindən sonra Londonun bəzi rayonlarında iğtişaşlar baş verib.
“Qafqazinfo” xəbər verir ki, Mərakeş bayraqları ilə küçələrə axışan yüzlərlə azarkeş Londonun şimal-qərbindəki “Edgware Road” ərazisində polis əməkdaşları ilə toqquşub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə küçələrin tüstü və zibillə dolduğu, polisin isə fişəng və müxtəlif əşyalar atan izdihamı nəzarət altına almağa çalışdığı görünür.
Bəzi azarkeşlərin hərəkəti dayandıraraq avtomobillərin üzərinə çıxdığı bildirilib.
Bununla yanaşı, Parisdə vəziyyət nisbətən sakit keçib. Həm Fransa, həm də Mərakeş azarkeşləri küçələrə çıxaraq matçın nəticəsini qeyd ediblər. Şəhərin müxtəlif hissələrində nəqliyyatın hərəkəti çətinləşsə də, genişmiqyaslı qarşıdurmalar qeydə alınmayıb.
Qarşılaşmada Fransa millisinin qollarını Kilian Mbappe və Usman Dembele vurublar. Mbappe bununla mundialdakı qol sayını səkkizə çatdıraraq, Lionel Messinin göstəricisinə bərabərləşib.
Bu nəticə ilə Fransa ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlib. Mərakeş isə turnirlə vidalaşsa da, iki dəfə dünya çempionatının dörddəbir finalına yüksələn ilk Afrika komandası kimi tarixə düşüb.
Mərakeşin mübarizəni dayandırması ilə mundialda Afrika təmsilçisi qalmayıb. Fransa yarımfinalda İspaniya–Belçika cütünün qalibi ilə üz-üzə gələcək.
Son xəbərlər
Son Xəbərlər