İcra başçısı Kürəkçi sakinləri ilə görüşdü - Fotolar

icra-bascisi-kurekci-sakinleri-ile-gorusdu
Oxunma sayı: 566

Bu gün Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Kürəkçi kəndində Kürəkçi və Gərsava kəndlərinin sakinləri ilə görüşüb, vətəndaşların səyyar qəbulunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, 150 sakinin iştirak etdiyi qəbulda çıxış edən RİH başçısı Orxan Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən danışıb.

Vətəndaşların müraciətlərinin dinlənilməsinin, yaşayış məntəqələrində mövcud problemlərin öyrənilməsinin və həlli istiqamətində iş aparılmasının əhəmiyyətini vurğulayıb. Qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib.

Qaldırılan məsələlərin həlli istiqamətində yerində müzakirələr aparılıb, həlli mümkün olan müraciətlər dərhal həllini tapıb. Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib.

RİH başçısı Orxan Məmmədov qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Kənd sakinləri yerlərdə keçirilən bu cür səyyar qəbullardan məmnunluqlarını ifadə edərək, vətəndaşlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qəbuldan sonra Orxan Məmmədov torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladları şəhid Əliyev Elçin Sarvan oğlu, Məmiyev Elmir Zamin oğlu, Məmiyev Valeh İsbat oğlu və Əliyev Rafiq Cəfər oğlunun məzarlarını ziyarət edib.