Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və Koordinasiya Şurasının toplantısında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, eləcə də noyabrın 7-də Krakov şəhərində baş vermiş hadisənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov çıxışında Zəfər Gününün tariximizdəki əhəmiyyətindən danışıb. Bu əlamətdar günün xalqımızın milli birliyinin, iradəsinin və əzminin təcəssümü olduğunu bildirib. Polşada yaşayan soydaşlarımızın Azərbaycanın tanıdılması, milli maraqlarımızın təbliği və Azərbaycan-Polşa əlaqələrinin inkişafındakı fəal iştirakının vacibliyini vurğulayıb.
Tədbirdə Zəfər Gününün tarixi əhəmiyyətini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda mübarizəni, Vətən müharibəsində Ordumuzun qazandığı tarixi Qələbəni əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda, həmçinin şəhidlərin xatirəsinə ehtiram və xalqımızın birlik, həmrəylik ruhu əksini tapıb.
Komitə sədri Fuad Muradov soydaşlarımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, dövlətimiz və xalqımız Azərbaycan torpaqlarının 30 il davam edən işğalı ilə heç vaxt barışmayıb. Bu qətiyyətin və əzmin nəticəsidir ki, altı il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək şanlı zəfər qazanıb. Sədr 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsinin daim ehtiramla yad edildiyini, qazilərin qəhrəmanlığının və fədakarlığının yüksək qiymətləndirildiyini qeyd edib.
Tədbirdə Komitənin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və diaspor təşkilatlarına göstərilən dəstək mexanizmləri barədə məlumat verilib. Xaricdə yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsinin, diaspor təşkilatları arasında əlaqələndirmənin gücləndirilməsinin və gənc nəslin Azərbaycanla bağlarının möhkəmləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Xalq artisti, bəstəkar Faiq Sücəddinov Zəfər Gününün Azərbaycan xalqının tarixində silinməz iz qoyduğunu, bu qələbənin gələcək nəsillər üçün də qürur mənbəyi olduğunu vurğulayıb.
Daha sonra Koordinasiya Şurasının fəaliyyəti və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, gələcək təşəbbüslərlə bağlı təkliflər səsləndirilib. İcma üzvlərinin sualları cavablandırılıb, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi, soydaşlarımız arasında əlaqələrin möhkəmləndirilməsi və onların diaspor fəaliyyətinə daha fəal cəlb olunması məsələləri müzakirə edilib. Həmçinin milli bayramların və əlamətdar günlərin birgə qeyd olunmasının icma daxilində həmrəyliyin gücləndirilməsinə töhfəsi qeyd olunub. Soydaşlarımız birgə fəaliyyətə göstərilən dəstəyə görə minnətdarlıq edib, əməkdaşlığın daha səmərəli nəticələr verdiyini söyləyiblər.
Toplantının sonunda Polşa Azərbaycanlılarının Koordinasiya Şurasına seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən Varşava və Katovitse şəhərləri üzrə koordinatorlar seçilib.
Tədbir Polşada yaşayan azərbaycanlılar arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.





