“Əhalinin gəlirləri birmənalı olaraq artacaq”

ehalinin-gelirleri-birmenali-olaraq-artacaq
Oxunma sayı: 1454

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Hökumət tərəfindən hazırlanan layihələr yekun versiyada ölkə başçısına təqdim edildikdən, müvafiq fərmanlar imzalandıqdan sonra həmin vəsaitlərin də müvafiq maddələrinin bölgüsü aparılacaq və o rəqəmləri də hər birimiz görəcəyik. Əhalinin, xüsusilə pensiyaçıların rifahının qorunması üçün ölkəmizdə hər il pensiyaların indeksasiyası həyata keçirilir. Bu indeksasiya rəqəmi öncəki il orta əmək haqqının artım məbləğinə uyğun şəkildə həyata keçirilir.

Orta hesabla son 5 ildə indeksasiyalar 9%-in üzərində və ya 9% ətrafında olub. Nəzərə alsaq ki, cari ildə bizim inflyasiya faktımız 10 aylıq göstərici üzrə 5,6%-dir. Gələn il üçün proqnozumuz 5,3%-dir və nəzərə alsaq ki, pensiya indeksasiyası həm ənənəvi olaraq son illərin rəqəmini nəzərə alanda və cari il 10 ayında orta əməkhaqqı artımı rəqəmlərini nəzərə alanda düşünürük ki, bu indeksasiya yenə də həmin inflyasiyadan artıq olacaq və əhalinin gəlirləri birmənalı olaraq artacaq. Rəqəmi bu gün niyə səsləndirə bilmirik, qanuna əsasən bu, illik 12 aylıq orta əməkhaqqı artım məbləğindədir və bu orta illik artım rəqəmini də yanvar ayının sonlarında biləcəyik. Amma cari dövrdə artım səhv eləmirəmsə, 7,8% ətrafındadır. İndi növbəti iki ayın göstəricilərini fakt olaraq görəcəyik və müvafiq indeksasiyalar pensiyaçılarımızın gəlirlərinin real artımını təmin edə biləcək. Yəni həm inflyasiyaya qarşı, həm digər faktorlara qarşı”, - nazir əlavə edib.

Nuranə Daxilqızı