Aviasiya sektorunda yeni davranışlar, xərclər və risklər

aviasiya-sektorunda-yeni-davranislar-xercler-ve-riskler
Oxunma sayı: 131

Səyahət etmək əvvəlki dövrlərlə müqayisədə artıq daha fərqli iqtisadi şərtlər fonunda formalaşır. Aviasiya sahəsi hazırda qlobal iqtisadi və geosiyasi proseslərin təsirinin daha aydın hiss olunduğu bir dövrdən keçir. İran və İsrail arasında artan gərginlik və Hörmüz körfəzi ətrafında yaranan qeyri-müəyyənlik qlobal neft bazarlarına təsir göstərərək, aviasiya sektorunun əsas xərc komponentlərindən biri olan yanacaq qiymətlərində artıma səbəb olub.

Bu dinamika aviaşirkətləri iki seçim qarşısında qoyur: uçuş şəbəkəsini məhdudlaşdırmaq və ya artan xərcləri bilet qiymətlərində əks etdirmək. Bu isə son nəticədə sərnişinlərin seçim imkanlarını azaldır və səyahətin həm əlçatanlığına, həm də planlaşdırılmasına birbaşa təsir göstərir. Nəticədə, aviasiya sektoru daha ehtiyatlı və xərclərə həssas fəaliyyət modelinə doğru yönəlir.

Daha az uçuş, yoxsa daha bahalı biletlər – aviaşirkətlər dəyişən dinamikaya necə reaksiya verir?

Hazırda aviasiya sahəsi sərt seçim qarşısındadır və bu seçim birbaşa sərnişinlərə təsir edir. Baş verən geosiyasi hadisələrin fonunda aviaşirkətlər müxtəlif yanaşmalar tətbiq etməyə başlayıb. Beynəlxalq Hava Nəqliyyatı Assossiyasiyası (“IATA”) 2026-cı ilin may ayının sonlarına doğru yanacaq çatışmazlığı səbəbindən Avropada bir çox uçuşların ləğvini proqnozlaşdırıb. (IATA - IATA Statement on Potential Jet Fuel Shortages)

Bununla yanaşı, bəzi aviadaşıyıcılar artan xərcləri birbaşa sərnişinlərə ötürərək bilet qiymətlərini və əlavə xidməthaqlarını artırır. Məsələn, ABŞ aviaşirkətləri tarifləri 15-20%-ə qədər yüksəltməyi nəzərdən keçirir, eyni zamanda baqajhaqlarını artıraraq gəlirlərini kompensasiya etməyə çalışır (https://shorturl.at/2UyWi). Digərləri isə əlavə yanacaq rüsumları tətbiq edir.

Məsələn, “Turkish Airlines” və “Lufthansa”nın birgə müəssisəsi olan “SunExpress” Avropa marşrutlarında sərnişin başına əlavə ödəniş tətbiq etməyə başlayıb və bəzi aviaşirkətlər məsafədən asılı olaraq yanacaq əlavələri müəyyən edib. Həmçinin “Lufthansa” xərcləri optimallaşdırmaq üçün minlərlə qısaməsafəli reysi ləğv edib və daha məhdud xidmətlər təqdim edən aşağı tarif paketlərini istifadəyə verib. Eyni zamanda, maliyyə dayanıqlığını qorumaq üçün dividendlərin saxlanılması və gəlirlərin yenidən investisiya edilməsi kimi qərarlar da sektorun bu çətin dövrə daha ehtiyatlı yanaşdığını göstərir.

Son araşdırmalar da onu göstərir ki, Amerikalı sərnişinlər ötən illə müqayisədə uçduqları hər mil üçün təxminən 20% daha çox ödəniş edir və qiymətlərin yaxın dövrdə daha da artacağı proqnozlaşdırılır (https://shorturl.at/V6ozI). Qiymətlərin artırılması isə təkcə yüksələn yanacaq qiymətlərinin yox, həm də yüksək tələbatın nəticəsidir. Belə ki, amerikalı sərnişinlər tərəfindən bahalaşmış aviabiletlərə tələbat hələ də kifayət qədər yüksək səviyyədədir. Bu da yanacağın qiymətindən asılı olmayaraq qiymətlərin yaxın gələcəkdə də bu səviyyədə davam etməsi deməkdir.

Sərnişinləri nə gözləyir?

Bu dəyişikliklər son nəticədə birbaşa sərnişinlərə təsir göstərir. Artan xərclər fonunda bilet qiymətlərinin yüksəlməsi səyahətin əvvəlki qədər əlçatan olmamasına səbəb olur, eyni zamanda əlavə xidmətlərin məhdudlaşdırılması ümumi səyahət təcrübəsinə təsir edir.

Bununla yanaşı, uçuş şəbəkələrinin optimallaşdırılması nəticəsində bəzi istiqamətlər üzrə reyslərin azalması sərnişinlərin seçim imkanlarını məhdudlaşdırır və səyahət planlaşdırmasını daha çətin edir. Aşağı büdcəli aviaşirkətlərin də qiymət artımı tendensiyasına qoşulması artıq sərnişinlər üçün sərfəli səyahətin əlçatanlığını azaldır. Bununla yanaşı, sektorda maliyyə dayanıqlığı ilə bağlı risklər də daha açıq görünməyə başlayıb. “Spirit Airlines” əməliyyatlarını dayandırdıqdan sonra ABŞ-da aşağıbüdcəli aviadaşıyıcıların maliyyə vəziyyəti yenidən diqqət mərkəzinə gəlib.

“Simple Flying”in paylaşdığı maliyyə analizinə görə, “JetBlue”nun 2027-ci ilə qədər iflasdan qorunma proseduruna müraciət etmə ehtimalının 75%-dən yüksək olduğu iddia olunur. Təhlildə şirkətin təxminən 9 milyard dollara yaxın borc yükü, son illərdə davam edən zərərləri və artan maliyyələşdirmə təzyiqləri əsas risk faktorları kimi göstərilir. (Why Analysis Give JetBlue 75 Percent Chance Bankruptcy - 2027 )

Beləliklə, sərnişinlər yalnız daha yüksək qiymətlərlə deyil, həm də daha az çevik və məhdud xidmət şərtləri ilə qarşılaşır. Nəticədə bu dəyişikliklər qiymət artımı ilə yanaşı sərnişin davranışına və ümumi bazar dinamikasına təsir göstərir. Daha yüksək xərclər fonunda sərnişinlər alternativ nəqliyyat vasitələrinə yönəlir və ya səyahət tezliyini azaldır, bu isə xüsusilə turizm sektorunda tələbatın zəifləməsinə səbəb olur. Marşrut şəbəkələrinin ixtisarı bəzi istiqamətlər üzrə əlçatanlığı azaldır, xidmət səviyyəsinin məhdudlaşdırılması isə sərnişin təcrübəsinə təsir edir. Nəticədə, aviasiya bazarı daha dəyişkən və qeyri-müəyyən mühitə daxil olur.

Bu müvəqqətidir, yoxsa yeni reallıqdır?

Mövcud vəziyyət yalnız qısamüddətli dəyişiklik kimi deyil, aviasiya sahəsinin yeni reallığı kimi də qiymətləndirilə bilər. Bu tendensiya aviaşirkətlərin daha geniş və uzunmüddətli dəyişikliklər mərhələsinə daxil olduğunu əks etdirir. 

Geosiyasi risklərin artması və enerji bazarlarının qeyri-sabitliyi fonunda yanacaq xərcləri əvvəlki kimi proqnozlaşdırıla bilən faktor deyil və bu, aviadaşıyıcıların biznes modellərinə birbaşa təsir edir. Nəticədə, sektor daha çevik, xərclərə həssas və riskləri minimuma endirməyə yönəlmiş strategiyalar formalaşdırmağa məcbur qalır. Bu isə onu deməyə əsas verir ki, hazırkı qiymət artımları müvəqqəti dalğalanmadan daha çox, aviasiya bazarında formalaşan yeni iqtisadi reallığın tərkib hissəsidir.

Aviasiyanın yeni dövrü

Bütün bunlar onu göstərir ki, geosiyasi dəyişikliklərə həssas olan aviasiya sektoru pandemiyadan sonra növbəti transformasiya mərhələsinə daxil olur. “Reuters”in paylaşdığı məlumata görə, dünyanın müxtəlif regionlarını təmsil edən 10 aviaşirkət xərcləri optimallaşdırmaq üçün daha ehtiyatlı idarəetmə modelinə keçir (Airlines tackle fuel cost surge with price hikes, outlook cuts | Reuters). Əlavə xidməthaqlarının artması, aviabilet qiymətlərinin yüksəldilməsi və uçuş şəbəkəsinin optimallaşdırılması kimi tədbirlər artıq yeni transformasiyanın qısamüddətli bir proses olmadığını və əvvəllər formalaşmış “əlçatan hava nəqliyyatı” anlayışının dəyişəcəyini göstərir.

Səyahətin əvvəlki kimi sərfəli olmaması isə sərnişin davranışlarını dəyişdirərək daha ehtiyatlı qərarverməni, çevik adaptasiyanı və yeni şərtlərə uyğunlaşmanı həm aviasiya, həm də turizm sektoru üçün zəruri edir.