“Həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına aparan istiqamətlərdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir”.
“Qafqazinfo” xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciətində bildirilib.
“Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırdığından, bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırırıq.
Sürücülərdən xahiş olunur ki:
- Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;
- Uzun məsafəyə yola çıxmazdan əvvəl kifayət qədər dincəlsinlər, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər;
- Təhlükəsiz ara məsafəsini qorusunlar, riskli ötmə və digər təhlükəli manevrlərdən çəkinsinlər;
- Yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etsinlər;
- Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlasınlar.
Dənizkənarı və digər istirahət məkanlarına üz tutan vətəndaşlardan, eləcə də piyadalardan xahiş olunur ki, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, yolu keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməsinlər. Çimərliklər və istirahət zonalarının ətrafında hərəkətin intensiv olduğunu nəzərə alaraq, həm sürücülər, həm də piyadalar qarşılıqlı diqqət və ehtiyatlılıq nümayiş etdirməlidirlər.
Unutmayaq ki, təhlükəsiz istirahətin yolu təhlükəsiz səfərdən başlayır. Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını həftəsonu səfərləri zamanı yol hərəkəti qaydalarına ciddi riayət etməyə, özlərinin və digər insanların həyatını riskə atmamağa çağırır. Hər bir məsuliyyətli davranış təhlükəsiz və xoş istirahətin təminatıdır”, - məlumatda qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər