İsti yerini fırtınaya verdi - Fotolar

isti-yerini-firtinaya-verdi
Oxunma sayı: 659

Avropanı günlərlə təsiri altına alan güclü istilik dalğası zəifləsə də, qitə bu dəfə fırtınalar, quraqlıq və genişmiqyaslı meşə yanğınları ilə üz-üzə qalıb.

“Qafqazinfo” xəbər verir ki, şiddətli hava hadisələri nəticəsində Fransa və Almaniyada üç nəfər həyatını itirib.

İspaniyada isə nəzarətdən çıxan meşə yanğınları səbəbindən minlərlə insanın təxliyəsi davam edir.

Alimlər son həftələrdə Avropada müşahidə olunan ekstremal istiləri, əsasən, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Yüksək temperatur su qıtlığına, kənd təsərrüfatına zərərə, meşə yanğınlarına və ölüm hallarının artmasına səbəb olub.

“Reuters” İqlim Monitorinqi Mərkəzinin məlumatına görə, Qərbi Avropada cümə günü üçün gözlənilən orta maksimal temperatur 27,5 dərəcə Selsi olacaq. Bu göstərici 1961-1990-cı illərin iyul ayı ortalamasından 4,2 dərəcə yüksəkdir.

Temperaturun nisbətən aşağı düşməsindən sonra bəzi bölgələrdə güclü fırtınalar başlayıb.

Fransanın mərkəzi və şərq bölgələrində iki nəfər, Almaniyanın Baden-Vürtemberq əyalətində isə bir nəfər ağacların aşması və ildırım vurması nəticəsində ölüb.

Almaniyanın cənubunda baş verən superhüceyrəli fırtına güclü külək və diametri 5 santimetrə çatan dolu ilə müşayiət olunub. Ştutqart yaxınlığında bəzi sürücülər doludan qorunmaq üçün avtomobilləri ilə körpülərin altına sığınıb.

Almaniyanın şimal-şərqində yerləşən Müriz Milli Parkında isə yanğınsöndürənlər günlərdir davam edən meşə yanğınını nəzarət altına almağa çalışır. Ərazidəki keçmiş hərbi poliqonda partlamamış sursatların olması söndürmə işlərini çətinləşdirir.

Fransada may ayının sonundan davam edən quraqlıq istilər azalsa da, ağır nəticələr yaratmağa davam edir.

Ölkənin cənubundakı qazla işləyən elektrik stansiyalarından biri Aralıq dənizində su temperaturunun yüksəlməsi və soyutma sistemlərində çətinliklər səbəbindən fəaliyyətini dayandırmaq riski ilə üzləşib.

Çaylarda suyun temperaturunun artması artıq nüvə enerjisi istehsalına da təsir göstərib.

Almaniyada isə Reyn çayında su səviyyəsinin aşağı düşməsi yük daşımalarını çətinləşdirib və nəqliyyat xərclərini artırıb. Son yağıntılar su səviyyəsini qismən yüksəltsə də, problemin tam həll olunmadığı bildirilir.

İspaniyada vəziyyət daha ağır olaraq qalır. Meteoroloqlar yaxın günlərdə temperaturun yenidən yüksələcəyi barədə xəbərdarlıq edib.

İspaniya Meteorologiya Agentliyinin məlumatına görə, Əndəlüs və La-Mança bölgələrində temperaturun 42-44 dərəcəyə çatacağı gözlənilir. Şimali Afrikadan gələn isti və quru hava isə meşə yanğınları riskini artırır.

Araqon bölgəsində, Ores şəhəri yaxınlığında baş verən yanğın artıq 12 min hektardan çox ərazini məhv edib. Yanğınla mübarizəyə minlərlə hərbçi və xilasedici cəlb olunub, helikopter və təyyarələr fasiləsiz şəkildə havadan müdaxilə edir.

Yanğından təxliyə edilən sakinlərdən biri Mariya Pilar Arreqi bildirib ki, bəzi evlər və insanlar xilas edilsə də, ərazidə böyük dağıntılar yaranıb.

İspaniyanın Madrid ətrafı və Qvadalaxara bölgəsində də yanğınlar davam edir. Qvadalaxarada təhlükəsizlik məqsədilə yay düşərgəsi boşaldılıb.

Ölkədə təxminən bir həftə əvvəl baş verən ən ölümcül yanğınlardan birində azı 13 nəfər həyatını itirib.

Yunanıstanda isə Afina bölgəsində meşə yanğınları riskinə görə yüksək hazırlıq vəziyyəti elan olunub. Termal kameralı dronlar meşə ərazilərində müşahidə aparır, riskli zonalarda əlavə təhlükəsizlik tədbirləri görülür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada istilərlə bağlı ölüm hallarının artacağı barədə xəbərdarlıq edib.

Təşkilatın Avropa üzrə regional direktoru Hans Henri Kluge bildirib ki, yay hələ başa çatmadan istilərlə əlaqəli təxminən 10 min ölüm qeydə alınıb.

Onun sözlərinə görə, hökumətlər istiləri yalnız hava hadisəsi kimi deyil, eyni zamanda, ciddi səhiyyə böhranı kimi qiymətləndirməlidir.