“Apple” yenidən taxtına qayıtdı - Dünyanın ən bahalı şirkəti oldu

apple-yeniden-taxtina-qayitdi
Oxunma sayı: 100

ABŞ-nin texnologiya nəhəngi “Apple” birja əməliyyatlarının nəticələrinə əsasən, yenidən bazar kapitallaşmasına görə dünyanın ən bahalı şirkəti olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatlar “Nasdaq” birjasının ticarət göstəricilərində əks olunub.

“iPhone” istehsalçısı süni intellekt bumu sayəsində liderliyi ələ keçirən “Nvidia”nı geridə qoyaraq birinci pilləyə yüksəlib. Birja ticarəti zamanı “Apple”ın səhmləri 0,2% dəyər qazanaraq bir qiymətli kağız üçün 333,94 dollara çatıb. Pik nöqtədə isə bu artım 334,03 dollar (+0,23%) təşkil edib.

Səhmlərin artımı “Apple”ın ümumi bazar kapitallaşmasını 4,9 trilyon dollara çatdırıb və ona qlobal reytinqdə liderliyi qaytarıb. Siyahıda ikinci pillədə 4,83 trilyon dollarla “Nvidia”, üçüncü pillədə isə 4,19 trilyon dollar kapitallaşma ilə “Google”un əsas şirkəti olan “Alphabet” qərarlaşıb.

Qeyd edək ki, iyunun sonunda qlobal yaddaş və toplayıcı (mikrosxem) qıtlığı fonunda “MacBook” və “iPad” qiymətlərinin artırılmasından sonra “Apple” səhmləri kəskin yüksəliş nümayiş etdirmişdi. Bundan əvvəl şirkət rəhbəri Tim Kuk yaddaş komponentlərinin bahalaşmasının biznesin rentabelliyinə təzyiqi artıracağını bildirmiş, “The Wall Street Journal”a müsahibəsində isə qiymət artımını “qaçılmaz” adlandırmışdı.