Bu gün Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi baş tutub.
“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin digər rəsmiləri, Prezidentin Şuşa rayonundakı xüsusi nünmayəndəsi Aydın Kərimov, Yazıçılar Birliyinin nümayəndələri, eləcə də türk dünyasından yazıçı və şairlər iştirak ediblər.
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında təşkil olunan mərasimdə TÜRKSOY-un baş katibi Sultan Raev, Xalq şairi Vahid Əziz və Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid çıxış ediblər.
Çıxışlarda Vaqif Poeziya Günlərinin Azərbaycan ədəbiyyatının təbliği, milli-mənəvi dəyərlərin qorunması və türk dünyasının ədəbi əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Xalq şair Vahid Əziz bildirib ki, burada olmaq çox xoşdur və sevindirici bir haldır ki, Vaqif poeziya günləri artıq böyük vüsət alıb:
“Bu, elə gözəl bir tədbirdir ki, ildən-ilə daha da böyüyür, daha da güclənir və daha da qüdrətlənir. Bu, bir daha göstərir ki, Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti etibarlı və sağlam əllərdədir. Biz qürur duya bilərik. Biz qalib xalqın övladlarıyıq. Bu gün belə tədbirləri azad Qarabağ torpağında keçiririk. Var olsun Azərbaycan!”
Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid çıxışında bildirib ki, Türk Dünyası Gənc Şairlər Festivalı artıq ənənəvi platformaya çevrilib. Onun sözlərinə görə, festival türk dünyasından olan gənc şairləri bir araya gətirməklə yanaşı, ortaq ədəbi dəyərlərin və mədəni bağların möhkəmlənməsinə də töhfə verir.
Daha sonra Türk Dünyasının Gənc Şairlər Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Proqram çərçivəsində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunan “Sözün ovçusu – Könlüm keçir Qarabağdan” adlı kompozisiya nümayiş etdirilib. “Vaqif” dramı əsasında hazırlanan səhnə kompozisiyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Rəsmi hissə musiqi nömrəsi ilə davam edib.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər