İsrailin qondarma “erməni soyqırımı” ilə bağlı qərarı regionda yeni siyasi və diplomatik vəziyyət formalaşdırmaqdadır.
“Qafqazinfo” xəbər verir ki, İsraillə Türkiyə arasındakı münasibətlərin daha da kəskinləşməsi fonunda Azərbaycanın möqeyi bir çox region ölkələri tərəfindən yaxından izlənilməkdədir.
Lakin həmin ölkələrin və onların cəmiyyətlərindəki müəyyən kəsimlərin arzuladığı mənzərə formalaşmadı. Azərbaycan bu məsələdə Türkiyəyə açıq dəstəyini rəsmi bəyanatla nümayiş etdirən yeganə ölkədir. Dövlətimiz Türkiyə ilə bərabər olduğunu siyasi bəyanatla növbəti dəfə isbatlamış oldu.
Azərbaycan XİN-in bəyanatını Ankara-Bakı strateji müttəfiqliyinin və “bir millət, iki dövlət” prinsipinin növbəti praktik təzahürü kimi qiymətləndirmək də olar. Belə ki, Azərbaycan tarixi siyasi prinsipiallığını nümayiş etdirməklə qardaşlıqda sadiqliyini nümayişkəranə şəkildə yenidən bəyan etmiş oldu.
.jpg)
Bu mövqe Türkiyədə Azərbaycanı “İsrail yanlısı” kimi təqdim etməyə çalışan və “müsəlman həmrəyliyi” arqumenti ilə Bakını tənqid edən dairələrin iddialarına da ciddi cavabdır. Hər fürsətdə əsaslandırılmamış məlumatlarla, fərdi yanaşmalarla ölkəmizi və Azərbaycan xalqını ləkələməyə çalışan Türkiyədəki bəzi dairələr dövlətimizin Türkiyəyə verdiyi bu dəstəkdən sonra müəyyən qədər qınına çəkilə bilər.
Maraqlıdır ki, Türkiyənin son illərdə Fələstin məsələsində İsraillə münasibətlərini gərginləşdirməsinə və Fələstinə güclü siyasi-diplomatik dəstək verməsinə baxmayaraq, İsrailin qondarma “erməni soyqırımı” qərarı fonunda Fələstin tərəfindən Ankaranı dəstəkləyən analoji rəsmi mövqe ortaya qoyulmayıb. Fələstinin “erməni soyqırımı”na qarşı hər hansı addım atmaması, uzun illərdir hər cür dəstəyi verən Türkiyəyə doğru müsbət addım atmaması da düşündürücü məsələlərdəndir.
Vaxtilə Fələstin lideri Yasir Ərafatın erməni rəsmiləri ilə görüşləri və onlarla səmimi münasibətlərinə dair faktların mövcudluğu sirr deyil. Görünür Fələstin xalqı ilə ermənilər arasındakı bu bağ daha da möhkəmlənib. Türkiyənin Fələstinin səsi olmasına baxmayaraq...
.jpg)
Bu yerdə Fələstinin hazırkı xarici işlər nazirlinin erməni mənşəli olması faktını da gözardı etmək olmaz.
Bununla yanaşı, Fələstin və Livanda erməni terror düşərgələrinin mövcudluğu, eləcə də onların vaxtilə türk diplomatlarına qarşı terror faktları törətməsi tarixin yaddaşındadır və Türkiyə cəmiyyətinin yaxın keçmişdəki bu hadisələri unutması mümkün deyil.
Bütün bu hadisələr və onların fonunda yaranmış mənzərənin Türkiyəyə həqiqi dostlarını və etibar edilə biləcək tərəfdaşlarını yenidən qiymətləndirmək imkanı verir. Qardaş ölkənin bu tarixi mənzərəni tam aydınlığı ilə müşahidə edəcəyinə və gerçək nəticələr çıxaracağına böyük inam var.
Aslan Vəliyev
Son xəbərlər
Son Xəbərlər