“15 ildir təmizlikçi işləyirəm, maaşımı ya kəsirlər, ya da gecikdirirlər” - Rəsmi açıqlama

15-ildir-temizlikci-isleyirem-maasimi-ya-kesirler-ya-da-gecikdirirler
Oxunma sayı: 1837

“Məktəbdə 15 ildir təmizlikçi olaraq çalışıram, amma aldığım məvacib artmaq əvəzinə azalır və ya gecikdirilir”.

Bu barədə “Qafqazinfo”ya Füzuli rayonu, Qayıdış qəsəbəsi 7 saylı tam orta məktəbin işçisi Sadəgül Səfərova müraciət edib.

O bildirib ki, hər gün səhərdən axşama qədər ağır fiziki əmək sərf etsə də, əziyyətinin qarşılığını ala bilmir: “Ailəmiz 3 nəfərdən ibarətdir. Onlardan heç biri işləmir, buna görə də əlavə maddi dəstəyimiz yoxdur. Ailəmizin yeganə qazanc mənbəyi mənim məktəbdən aldığım əməkhaqqıdır”. 

52 yaşlı S.Səfərova qeyd edib ki, ona ayda cəmi 269 manat məvacib hesablanır, lakin ya gecikdirilir, ya da azalır: “Həmin məktəbdə çox ağır iş şəraiti altında fəaliyyət göstərirəm. 5 sinif otağının, məktəbin böyük həyətinin və sanitar qovşaqların təmizliyini edirəm. Lakin son zamanlar məktəb rəhbərliyi tərəfindən mənə qarşı ciddi haqsızlıq olunur. Belə ki, 2 aylıq maaşım kəsilərək ödənilmir.

İndi isə bildirirlər ki, həmin 2 ayın maaşını verəcəklər, lakin 3-cü ayın məvacibini 100 manat azaldaraq (100 manat verməklə) ödəyəcəklər. Başqa gəlir yeri olmayan üç nəfərlik ailə üçün bu cür əsassız kəsintilər və maaşların aylarla verilməməsi çətin haldır. Çox xahiş edirəm ki, sosial durumum da nəzərə alınaraq ödənişlər tam formada verilsin”. 

Məsələ ilə bağlı 7 saylı tam orta məktəblə əlaqə saxladıq. Təhsil müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, ümumi təhsil müəssisələrində ştat vahidləri qanuna əsasən tənzimlənir: “Bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” sənədə əsasən tənzimlənir. Səfərova Sadəgül Adil qızı 01.05.2012-ci il tarixdə Füzuli rayonu 9 nömrəli Qayıdış qəsəbə 7 nömrəli tam orta məktəbə işə qəbul edilib. 

Hazırda həmin məktəbdə Səfərova Sadəgül Adil qızına 0,5 ştat vahidi üzrə, mövcud tarif qaydalarına uyğun olaraq əməkhaqqı ödənilir. Qeyd edək ki, sinif komplektlərinin sayında artım olduğu halda, müvafiq ştat vahidlərinin və əməkhaqqının artırılması mümkün hesab olunur”.

Fidan Etibar