Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib

ceyranbatan-su-anbarinin-emekdasi-is-yerinde-oldu
Oxunma sayı: 2239

Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarının ərazisindən meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb.

Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-cu il təvəllüdlü Ramazanov Mahir Tofiq oğlu olması müəyyən edilib. Daha əvvəl ürək əməliyyatı keçirmiş əməkdaşın işdən sonra paltarını dəyişərkən infarktdan öğldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

“İri Şəhərlərin Su Təchizatı” QSC hadisə ilə bağlı məlumat yayıb.

Açıqlamada deyilir:

“Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi diaqnoza görə Mahir Ramazanov ürəktutma nəticəsində vəfat edib”.