Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye vilayətinin Komışuvaxa qəsəbəsinə Rusiyanın endirdiyi aviazərbələr nəticəsində 18 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə “Telegram” hesabında paylaşım edib.
Onun sözlərinə görə, səhər saatlarından etibarən qəsəbəyə bir neçə aviazərbə endirilib. Hədəf humanitar yardımın paylandığı məktəb binası olub:
“İlk zərbədən sonra daha 9 bomba atılıb və onların hədəfi insanların olduğu sığınacaq olub. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Əraziyə hərbçilər, xilasedicilər və xüsusi xidmət qüvvələri cəlb olunub. Rusiya Komışuvaxada qalan sakinlərə hər həftə məhz həmin ərazidə humanitar yardım paylandığını bilməyə bilməzdi”.
Qeyd edək ki, Ukrayna lideri hücumun Rusiyanın gərginliyin azaldılmasında maraqlı olmadığını göstərdiyini vurğulayıb və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sərt cavab verməyə, Ukraynaya dəstəyi artırmağa çağırıb.
***
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində ölənlərin sayı 24-ə yüksəlib.
Son xəbərlər
Son Xəbərlər