ABŞ-da federal hakim Prezident Donald Tramp administrasiyasının Harvard Universitetinə qarşı qaldırdığı iddianı rədd edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyi 2026-cı ilin fevralında universitetə qarşı iddia qaldıraraq, tələbə qəbulunda irqi mənsubiyyətin nəzərə alınıb-alınmadığını araşdırmaq üçün tələb olunan sənədlərin təqdim edilmədiyini bildirib. Nazirlik qəbul qaydaları və müvafiq prosedurlarla bağlı yazışmaların əldə olunmasını tələb edib.
Harvard isə dövlət qurumları ilə əməkdaşlıq etdiyini və onların sorğularını cavablandırdığını bəyan edib. Universitet administrasiyanın addımlarını təzyiq cəhdi və ali təhsil müəssisəsinin müstəqilliyini məhdudlaşdırmaq niyyəti kimi qiymətləndirib.
Məhkəmə prosesi Ağ Ev və Harvard arasında federal tədqiqat maliyyələşməsi və universitetin siyasəti ilə bağlı daha geniş mübahisələr fonunda baş tutub.
Xatırladaq ki, 2025-ci il mayın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Harvardın xarici tələbə qəbul etmək hüququndan məhrum edildiyini açıqlamışdı. Onun sözlərinə görə, universitetdə təhsil alan əcnəbi tələbələr başqa ali məktəblərə köçürülməli idilər. Harvard bu qərardan sonra Tramp administrasiyasını məhkəməyə vermişdi.
Son xəbərlər
Son Xəbərlər