Tənqidlərə belə cavab verdi - Video

tenqidlere-bele-cavab-verdi
Oxunma sayı: 1819

Dünya Çempionatında Avstraliyaya 0:2 hesabı ilə məğlub olan Türkiyə millisində gözlər Paraqvayla keçiriləcək həlledici qarşılaşmaya yönəlib.

“Qafqazinfo” xəbər verir ki, matç öncəsi təşkil olunan mətbuat konfransında çıxış edən qapıçı Uğurcan Çakır və müdafiəçi Samet Akaydın həm məğlubiyyəti, həm də komandanın hazırkı durumunu dəyərləndiriblər.

Uğurcan Çakır Avstraliya ilə oyundakı nəticədən məyus olduqlarını gizlətməyib, lakin qrupdan çıxmaq şanslarının hələ də davam etdiyini bildirib.

“Əlbəttə ki, məğlubiyyət bizi üzdü. Hamımız ilk oyunda qalib gəlmək, ölkəmizi sevindirmək istəyirdik. Amma bu, son matç deyil. Qarşıda qazanılacaq altı xal var. Paraqvayla oyunda qalib gələrək, vəziyyəti düzəltmək istəyirik”, – deyə qolkiper vurğulayıb.

O bildirib ki, komanda ilk oyunu geridə qoyaraq növbəti görüşə köklənib: “Komandanın əhval-ruhiyyəsi yaxşıdır. İlk matçı unutmağa çalışmışıq. Qarşıdakı iki oyunda qalib gələrək ölkəmizi qürurlandırmaq istəyirik”.

Müdafiəçi Samet Akaydın isə son günlər mediada səsləndirilən bəzi tənqidlərə münasibət bildirib. O, futbolçuların şəxsi görünüşü ilə bağlı müzakirələrin yersiz olduğunu deyib.

“Tənqidə açığıq. Oyunumuzu, səhvlərimizi təhlil etmək olar. Ancaq futbolçuların saçına, bığına diqqət yetirilməsi mənə görə gülüncdür. Bu, artıq tənqid deyil”, – deyə Akaydın bildirib.

O, komandanın məğlubiyyətdən sonra ciddi sarsıntı keçirdiyini də vurğulayıb: “İnsanlar elə düşünür ki, biz bu nəticəyə görə üzülməmişik. Amma bu, qətiyyən belə deyil. Həmin gecə yata bilmədik. Hamımız çox məyus idik. Paraqvayla oyunda qalib gələrək azarkeşlərimizi sevindirmək istəyirik”.

Akaydın həmçinin milli komandada hər hansı problemin olmadığını qeyd edib: “Bu komanda uzun müddətdir birlikdə oynayır. Futbolçular bir-birini yaxşı tanıyır və hörmət edir. Hazırda ən vacib məsələ Paraqvayla oyuna hazırlaşmaqdır”.