“Vacib məsələlərdən biri gənclərin zərərli vərdişlərdən qorunması ilə bağlıdır. Xüsusilə son illərdə yeniyetmə və gənclər arasında sürətlə yayılan, texnologiyanın gətirdiyi yeni risklər mövcuddur”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar İsgəndərov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında bildirib.
Deputat qeyd edib ki, bu risklərdən biri də təhlükəli kompüter oyunlarıdır: “Bu gün həmin mövzu ilə bağlı televiziya efirində müzakirə aparılması da problemin aktuallığını göstərir. Bu məsələ zahirən sakit görünsə də, əslində olduqca təhlükəlidir. Çünki uşaqlar və gənclər hazırda daha çox virtual mühitdə formalaşırlar, saatlarla kompüter və mobil cihazlar qarşısında vaxt keçirirlər. Dünyada məşhur olan, lakin bir çox ölkələrdə qadağan edilmiş oyunlar var ki, bu gün Azərbaycanda hələ də açıq şəkildə əlçatandır. Bu oyunların bəzilərində yaş məhdudiyyəti yoxdur, xüsusi ünsiyyət platformaları mövcuddur və azyaşlılar böyüklərlə birbaşa əlaqəyə girə bilirlər. Bundan əlavə, mərhələlərin pulla açılması, oyun daxilində manipulyativ mexanizmlər və təhlükəli davranış modelləri mövcuddur.
Araşdırmalar göstərir ki, regionlarda və Bakı şəhərində gənclər arasında aqressiya, zorakılıq və digər neqativ halların artması da təsadüfi deyil. Bu proseslərin psixoloji təsiri uşaqlıq və yeniyetməlik dövründə formalaşır.
Hesab edirəm ki, zərərli vərdişlər anlayışı təkcə narkomaniya və digər klassik problemlərlə məhdudlaşmamalı, texnologiyanın yaratdığı yeni risklər də bu çərçivədə nəzərə alınmalıdır. Bu təhlükələr sakit şəkildə, lakin çox sürətlə hər birimizin evinə və cibinə daxil olur və əsas risk qrupunu uşaq, yeniyetmə və gənclər təşkil edir.
Bu baxımdan düşünürəm ki, komitəmiz gələcəkdə qanunvericilik təşəbbüslərində, sosial proqramların hazırlanmasında və ictimai tədbirlərdə bu məsələlərlə bağlı öz tövsiyə və təkliflərini verə bilər, aidiyyəti qurumlarla əməkdaşlıq edərək bu sahədə töhfə göstərə bilər”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər