Ömrü 14 ilədək uzadan - 5 vərdiş

omru-14-iledek-uzadan
Oxunma sayı: 240

Harvard Universitetinin liderliyi ilə aparılan və 30 ildən çox davam edən genişmiqyaslı araşdırma insan ömrünü əhəmiyyətli dərəcədə uzada bilən 5 əsas vərdişi müəyyən edib.

“Qafqazinfo” xəbər verir ki, tədqiqat nəticələrinə görə, bu vərdişlərə əməl edən şəxslərdə ömür orta hesabla 14 ilə qədər uzana bilər.

Harvard T.H. Çan İctimai Səhiyyə Məktəbinin alimi Frank Hu və onun komandası 123 mindən çox iştirakçının məlumatlarını uzunmüddətli şəkildə izləyərək, geniş baza formalaşdırıb.

Araşdırmanın nəticələri “Lancet” və “Nature Medicine” kimi elmi jurnallarda dərc olunan müstəqil analizlərlə də dəstəklənib.

Tədqiqatda müəyyən edilən əsas vərdişlər bunlardır:

- siqaret çəkməmək,

- balanslı qidalanma,

- müntəzəm fiziki aktivlik,

- bədən çəkisini qorumaq,

- spirtli içki qəbulunu məhdudlaşdırmaq.

Məlumata görə, bu 5 qaydaya əməl edən insanlarda vaxtından əvvəl ölüm riski təxminən 74% azalır.

Araşdırma nəticələri göstərir ki, bu vərdişlərə riayət edən insanlarda ürək-damar xəstəliklərindən ölüm riski 80%-dən çox, xərçəng riskləri isə təxminən 65% daha aşağı olur. Həmçinin qeyd edilir ki, qazanılan əlavə illər, əsasən, sağlam və aktiv həyat illəridir.

Oreqon Səhiyyə və Elm Universitetinin (OHSU) əlavə təhlillərinə görə, gündə 7 saatdan az yatmaq da ömür uzunluğuna mənfi təsir göstərən mühüm amillərdən biridir. Mütəxəssislər 7-9 saatlıq keyfiyyətli yuxunun bioloji qocalmanı yavaşlatdığını vurğulayırlar.