İran Prezidenti Məsud Pezeşkian ölkədə beynəlxalq internet şəbəkəsinə çıxışın bərpa edilməsi ilə bağlı mühüm qərarı təsdiqləyib.
“Qafqazinfo” “Fars”a istinadla xəbər verir ki, Pezeşkian Virtual Məkanın Tənzimlənməsi Şurası tərəfindən qəbul edilən və internetin 8 yanvar tarixinə qədərki vəziyyətə qaytarılmasını nəzərdə tutan fərmanı icra olunması üçün Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə göndərib.
Qeyd edək ki, İranda beynəlxalq internet bağlantısı ilk olaraq yanvarın 8-də baş verən kütləvi etiraz aksiyaları zamanı təhlükəsizlik səbəbilə tamamilə kəsilmişdi. Fevral ayında məhdudiyyətlər mərhələli şəkildə yumşaldılsa da, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara və hava zərbələrinə başlaması ilə ölkə yenidən tam qaranlığa qərq olmuşdu.
Xatırladaq ki, qlobal internet araşdırma portalı olan “NetBlocks”un məlumatına görə, iranlıların böyük hissəsi artıq 87 gündür ki, dünya şəbəkəsindən tamamilə təcrid olunublar və yalnız bəzi şəxslər çox baha qiymətə satılan xüsusi VPN-lər vasitəsilə qlobal şəbəkəyə daxil ola bilirlər. Bu uzunmüddətli blokada ölkədə ciddi texniki, rəqəmsal və iqtisadi böhrana, onlayn bizneslərin iflic olmasına gətirib çıxarıb.
Son xəbərlər
Son Xəbərlər