Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyev təbrik məktubu ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan hazırda sürətlə inkişaf edir, iqtisadiyyat, infrastruktur və mədəniyyət sahələrində ciddi nailiyyətlər nümayiş etdirir, həmçinin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.
Böyük məmnunluqla qeyd edirəm ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan münasibətləri getdikcə dinamik və ardıcıl xarakter alır. Xalqlarımızın rifahı naminə sıx əməkdaşlığımızı davam etdirməyə hazır olduğumuzu bildiririk.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram”.
***
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov:
“Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edən Türkmənistan-Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığının yüksək səviyyəsini böyük məmnunluqla qeyd edirəm. Qəti əminəm ki, münasibətlərimiz iki qardaş xalqın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti vəzifənizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzulayıram”.
***
Kuba Prezidenti Migel Dias-Kanel Bermudes:
“Zati-aliləri cənab Prezident.
Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
İki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə fəaliyyətimizi davam etdirmək əzmimizi bir daha təsdiqləyirəm.
Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.
***
Tacikistan Prezidenti Emoməli Rəhmon:
“Hörmətli İlham Heydər oğlu.
Sizə və dost Azərbaycan xalqına ölkənizin milli bayramı münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi göndərirəm.
Etibarlı tərəfdaşımızın sosial-iqtisadi inkişafda və beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində qazandığı uğurlara ürəkdən sevinirik.
Ölkələrimiz arasında möhkəm tarixi dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan strateji tərəfdaşlığın davamlı inkişaf tendensiyasına malik olmasını qeyd etmək sevindiricidir.
Əmin olduğumu bildirirəm ki, birgə səylərimizlə konstruktiv əməkdaşlığımızı bundan sonra da gücləndirəcəyik və ölkələrimizin xalqlarının əsas maraqlarına cavab verən çoxplanlı qarşılıqlı fəaliyyətimizin daha da dinamik inkişafını təmin edəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və yeni-yeni uğurlar, dost Azərbaycanın qardaş xalqına isə hər zaman aydın səma, firavanlıq, əmin-amanlıq və tərəqqi arzulayıram”.
***
Moldova Prezidenti Maya Sandu:
“Hörmətli cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Moldova xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu bayram münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına sülh və rifah arzulayıram. Moldova Cənubi Qafqazda davamlı sülhə ümid edir və biz inanırıq ki, dialoq və əməkdaşlıq sabitliyə və tərəqqiyə aparan ən etibarlı yoldur.
Azərbaycan həmişə Moldovanın etibarlı dostu olub və dialoqumuzu davam etdirməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Belarus Prezidenti Aleksandr Lukaşenko:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
İqtisadiyyatda öz uğurları və artan beynəlxalq nüfuzu ilə qürur duyan suveren, inkişaf etmiş və gələcəyə inamlı dövlətin qurulması üzrə Sizin həyata keçirdiyiniz kursun nəticələrini Belarusda yüksək qiymətləndirirlər.
Strateji Belarus-Azərbaycan tərəfdaşlığının inkişafında Minskin güclü marağını təsdiq edirəm. Əminəm ki, bizim müntəzəm görüşlərimiz, etimada əsaslanan fəal dialoq, həmçinin müxtəlif səviyyələrdə həyata keçirilən sistemli fəaliyyət cari layihələrin uğurla icrasına və yeni ikitərəfli təşəbbüslərin formalaşmasına daim kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik, Azərbaycan vətəndaşlarına isə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti”.
***
Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qurban bayramının dövlət bayramı ilə üst-üstə düşməsi rəmzi məna daşıyır. Qoy, bütün müsəlmanların xeyirxahlıqla dolu olan bu böyük bayramı bəşəriyyəti yüksək mənəvi dəyərlərə çatdırsın, ona Uca Yaradanın mərhəmətini və şəfqətini nəsib etsin.
Qardaş Azərbaycan xalqına davamlı sürətli inkişaf və firavanlıq diləyir, həmçinin Sizin rəhbərliyinizlə qarşıda duran bütün məqsədlərə nail olunması ilə bağlı ən xoş arzularımı ifadə edirəm.
Ümidvaram ki, Sizinlə qurduğumuz qarşılıqlı hörmət uzun illər davam edəcək.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayramlar münasibətilə Sizə möhkəm cansağlığı, böyük uğurlar, Azərbaycan xalqına isə həmişə sülh və tərəqqi arzulayıram.
Ən xoş arzularla”.
***
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev:
“Hörmətli İlham Heydər oğlu.
Sizi və bütün həmvətənlərinizi Müstəqillik Günü münasibətilə Qazaxıstan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan suveren inkişafı illərində dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafda və dünya arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb.
Şübhəsiz ki, Sizin güclü və müdrik rəhbərliyinizlə qardaş Azərbaycan xalqı davamlı iqtisadi artımın təmin edilməsində və regional güc kimi potensialının möhkəmləndirilməsində yüksək məqsədlərə uğurla nail olacaq.
Qazax xalqı əbədi dostluq və qarşılıqlı hörmət strategiyasına daim sadiq qalır və onu dəstəkləyir, Azərbaycanın nailiyyətlərinə səmimi-qəlbdən sevinir.
Biz strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin gələcəkdə də inkişafına müstəsna əhəmiyyət veririk.
Əminəm ki, yüksək səviyyədə fəal və etimada əsaslanan siyasi dialoq Qazaxıstan-Azərbaycan çoxtərəfli əməkdaşlığının xalqlarımızın əsas maraqları naminə yeni zirvələrə yüksəlməsinə bundan sonra da kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.
***
Estoniya Prezidenti Alar Karis:
“Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bugünkü mürəkkəb qlobal şəraitdə çoxtərəfli çərçivələr vasitəsilə, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində sıx əməkdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır. Birgə fəaliyyət göstərməklə biz BMT Nizamnaməsinin prinsiplərini daha yaxşı qoruya və daha təhlükəsiz, daha ədalətli və daha dayanıqlı dünyanın qurulmasına töhfə verə bilərik.
Bu baxımdan ikitərəfli münasibətlərimizdə müşahidə olunan davamlı irəliləyişi məmnunluqla qarşılayır və qarşıdakı illərdə ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Rumıniyanın Prezidenti Nikuşor Dan:
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq və sülh arzularımı çatdırıram.
Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara əsaslanır. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxşı dost və etibarlı tərəfdaşdır.
Zati-alinizin Cənubi Qafqazda regionun böyük potensialından istifadə etməyə imkan yaradan davamlı sülhün bərqərar olması istiqamətində yorulmaz səylərini alqışlayıram.
Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqun davamlı şəkildə inkişafını dəstəkləmək üçün bundan sonra da fəaliyyət göstərəcək.
Fürsətdən istifadə edərək ölkələrimiz arasında ortaq maraq doğuran sahələrdə strateji tərəfdaşlığı daha da dərinləşdirmək məqsədilə Sizi Rumıniyaya səfərə dəvət edirəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Keniya Prezidenti Uillyam Samoei Ruto:
“Zati-aliləri.
Keniya Respublikasının Hökuməti və xalqı adından, eləcə də öz adımdan Sizə və Azərbaycan xalqına ölkənizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi gün Azərbaycan xalqının azadlıq, müstəqillik və milli birlik əzmini təcəssüm etdirir.
Bu əlamətdar bayramı qeyd edərkən, xalqlarımızın qarşılıqlı faydası naminə tərəfdaşlığımızı daha yüksək strateji səviyyələrə qaldırmaq üçün Zati-alinizlə sıx əməkdaşlığı davam etdirməyə hazır olduğumu bir daha təsdiqləyirəm.
Həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla keçirilməsinə görə Sizi təbrik edirəm. Əminəm ki, Forumun nəticələrinin həyata keçirilməsi Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan şəhər və yaşayış məntəqələrinin açıqlığının, təhlükəsizliyinin, davamlılığının və ekoloji dayanıqlılığının təmin edilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcəkdir.
Azərbaycana səfərim zamanı keçirdiyimiz görüşlər ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə yeni təkan verəcəkdir.
Zati-alinizi bir daha bu tarixi gün münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.