Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - Xəsarət alan var+Yenilənib

sumqayitda-qatar-benzin-dasiyan-masinla-toqqusdu
Oxunma sayı: 883

Saat 22:28 radələrində benzin daşıyan avtomobil dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq Sumqayıtçay stansiyasının çıxışında hərəkətdə olan teplovozun qarşısına çıxıb.

Bu barədə “Qafqazinfo”ya ADY-dən məlumat verilib.

Bildirilib ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qeydə alınıb. Nəticədə teplovoz relsdən çıxıb, avtomobilin sürücüsü xəsarət alıb.

“Hadisə ilə bağlı araşdırma aparılır.

ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Unutmaq olmaz ki, yol həmişə qatarındır”, - deyə əlavə edilib.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yanacaq daşıyan avtomobil ilə qatar toqquşub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Baş vermiş qəza zamanı yanacaq daşıyan avtomobildən ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.