“Sarı jiletlilər” yenidən küçələrə çıxır - Fransa qadağalara əl atdı

sari-jiletliler-yeniden-kucelere-cixir
Oxunma sayı: 1040

Fransada “Sarı jiletlilər” hərəkatının etirazları fonunda təhlükəsizlik tədbirləri sərtləşdirilib. Oktyabrın 24-də Tulon şəhərində keçirilməsi planlaşdırılan nümayişlər qadağan edilib, yetkinlik yaşına çatmayanlar üçün isə qismən komendant saatı tətbiq olunacaq.

“Qafqazinfo” xəbər verir ki, Var prefekturasının məlumatına görə, komendant saatı oktyabrın 24-ü saat 18:00-dan oktyabrın 25-i saat 06:00-dək şəhər mərkəzində qüvvədə olacaq.

Həmçinin oktyabrın 24-də saat 11:00-dan gecəyarısınadək həmin ərazidə bütün nümayişlərin keçirilməsi qadağan edilib. Bəzi ictimai nəqliyyat xidmətləri də dayandırılacaq.

Təhlükəsizlik tədbirləri oktyabrın 17-də ölkədə baş verən talan və zorakılıq hadisələrindən sonra gücləndirilib. Hökumət prefekturalara ictimai asayiş üçün təhlükə yarada biləcək aksiyaların qarşısını almaq barədə göstəriş verib.

Xatırladaq ki, yaşayış xərclərinin və yanacağın bahalaşmasına etiraz edən, tələbələrin də dəstəklədiyi “Sarı jiletlilər” hərəkatının aksiyaları zamanı təxminən 2500 nəfər saxlanılıb. Mindən çox polis əməkdaşı, jandarm və yanğınsöndürən yaralanıb, təxminən 3000 müəssisəyə ziyan dəyib və ya onlar talan edilib.

Yeni iğtişaşların qarşısını almaq məqsədilə hökumət Paris, Lill, Lion, Nitsa və Marsel də daxil olmaqla, bir sıra şəhərlərdə də qismən komendant saatı tətbiq etmək qərarına gəlib.