Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

sabiq-icra-bascisinin-oglu-bu-olkede-40-villa-aldi
Oxunma sayı: 8723

Azərbaycanlı biznesmen Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnalist Elçin Alıoğlu sosial şəbəkədə paylaşıb.

O bildirib ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, layihə Azərbaycanın Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib.

Ü.Abuzərlinin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın Buxarest şəhərinin şimal kənarında, İlfov qraflığının Voluntari bölgəsindəki Pipera məhəlləsində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

“Memaar Capital” Rumıniya bazarında üç yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu bildirir. Yeni layihədə isə hər biri təxminən 134 kvadratmetr sahəsi olan iki mərtəbəli 40 villa yerləşir.

Xatırladaq ki, Tahir Kərimov 2011-ci ildə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş, 2016-cı ildə isə bu postdan azad olunmuşdu. Sabiq icra başçısı 2015-ci ildə sosial şəbəkələrdə yayılan fotolarda Salyanda keçirilən bir tədbirdə çiçək çələnglərindən ibarət tağın altından keçirkən çəkilmiş fotosu ilə gündəmə gəlmişdi. Həmin çələngləri isə yerli məktəblilər tuturdu.