Rusiya ordusunun Ukraynanın bir neçə böyük şəhərinə raket zərbələri endirməsi nəticəsində azı 9 nəfər həlak olub.
“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, hücumlar zamanı Kiyevdə yerləşən və UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Kiyev-Peçersk Lavra kompleksində yanğın qeydə alınıb, Üspen (Uspenski) kafedralının damı alovlanıb.
Ukraynanın daxili işlər naziri İqor Klimenkonun məlumatına görə, Xarkov şəhərinə endirilən zərbələrdən sonra aparılan xilasetmə əməliyyatları zamanı 5 xilasedici həyatını itirib, azı 5 nəfər isə yaralanıb.
Paytaxt Kiyevdə də hücumlar nəticəsində daha 4 nəfərin öldüyü bildirilib. Şəhərdə hava hücumundan müdafiə sistemləri işə düşüb, sakinlər sığınacaqlara üz tutublar.
Hadisə şahidlərinin sözlərinə görə, kafedral ətrafına çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın həm binanın daxilindən, həm də xüsusi platformalar vasitəsilə söndürülməyə çalışılıb. Katedralın damının bir hissəsinin dağıldığı və alovların binanı bürüdüyü qeyd olunur.
Əlavə edilib ki, Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr nəticəsində Moskvanın cənubunda 3 nəfərin öldüyü bildirilir.
Qeyd edək ki, Kiyev-Peçersk Lavra monastırı son illərdə Ukrayna ilə Rusiya arasında dini və siyasi mübahisələrin mərkəzində olub. Ukrayna Pravoslav Kilsəsi 2022-ci ildə rəsmi olaraq Rus Pravoslav Kilsəsindən ayrıldığını elan etmiş, daha sonra Kiyev Moskva ilə əlaqəli dini qurumların fəaliyyətinə məhdudiyyətlər tətbiq etmişdi.










Son xəbərlər
Son Xəbərlər