Rusiya, ABŞ və Ukrayna ilk dəfə razılığa gəldi

rusiya-abs-ve-ukrayna-ilk-defe-raziliga-geldi
Oxunma sayı: 7441

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşüb. Danışıqlarda Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xüsusi nümayəndə Kirill Dmitriyev, Amerika tərəfini isə Cared Kuşner və ABŞ Federal Satınalma Xidmətinin komissarı Coş Qruenbaum təmsil edib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya tərəfi görüşü “mənalı və etibarlı” adlandırıb.

Yuri Uşakov bildirib ki, danışıqlar konstruktiv və səmimi şəraitdə keçib və gələcək fəaliyyət üçün konkret parametrlər müəyyən edilib.

O qeyd edib ki, Putin görüş zamanı Ukrayna böhranının siyasi və diplomatik yollarla həllinə səmimi maraq göstərdiyini vurğulayıb, lakin sülh əldə olunana qədər Rusiya Silahlı Qüvvələrinin strateji məqsədlərini davam etdirəcəyini açıqlayıb.

Danışıqlardan sonra Uitkoff BƏƏ-yə səfər edərək, Rusiya və Ukrayna ilə təhlükəsizlik məsələləri üzrə işçi qrupların əlaqələrini davam etdirəcək. 23 yanvarda Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə ilk üçtərəfli iclas keçiriləcək. İkitərəfli iqtisadi görüşlərdə isə Kirill Dmitriyev və Stiv Uitkoff Rusiya və ABŞ-ni təmsil edəcək.

Görüş zamanı Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası” da müzakirə olunub. Uşakov bildirib ki, əvvəlki ABŞ administrasiyası tərəfindən dondurulmuş Rusiya aktivlərindən 1 milyard dollar “Sülh Şurası”nın büdcəsinə ayrılmasına hazırdır. Qalan vəsait isə Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi bağlandıqdan sonra zərər görmüş ərazilərin bərpasına yönəldiləcək. Bu məsələnin ikitərəfli iqtisadi qrup çərçivəsində müzakirələri davam etdiriləcək.

Uşakov vurğulayıb ki, Amerika tərəfi Ukrayna münaqişəsi həll edildikdən sonra həyata keçiriləcək planlar üzərində çalışır və Rusiya ilə ABŞ arasında geniş sahələrdə əməkdaşlıq potensialı mövcuddur. O, Kreml görüşünü həm Moskva, həm də Vaşinqton üçün faydalı qiymətləndirib.

Putin əvvəlcə ABŞ-dən gələn “Sülh Şurası” dəvətini alqışlayıb və beynəlxalq sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səyləri dəstəklədiyini bildirib. Rusiyanın xarici siyasət rəhbərliyi “Sülh Şurası” ilə bağlı sənədləri araşdıracaq və strateji tərəfdaşlarla məsləhətləşmədən sonra rəsmi cavab verəcək.