Rekord istilər meyitxanalarda yer qoymadı

rekord-istiler-meyitxanalarda-yer-qoymadi
Oxunma sayı: 1099

Fransa bürüyən rekord istilər ölüm hallarını kəskin artırıb. Nəticədə paytaxt Paris yaxınlığındakı dəfn evləri və meyitxanalar tam dolub, bəzi müəssisələr isə yeni cəsədləri qəbul edə bilmədiklərini bildirirlər.

“Qafqazinfo” xəbər verir ki, Parisin Orli əyalətində yerləşən dəfn müəssisəsinin sahibi Züheyr Hertelli bildirib ki, morqdakı 32 nəfərlik yerin hamısı dolub.

O, təkcə həftəsonu ərzində 150 müraciəti geri çevirmək məcburiyyətində qaldığını deyib:

“Tamamilə yüklənmiş durumdayıq. Ailələr, qocalar evləri, polis və bələdiyyələr bizə zəng edir. İnsanlar çıxılmaz vəziyyətdədir”.

Ölkənin İctimai Səhiyyə Agentliyinin məlumatına əsasən, ötən çərşənbədən bazar gününədək ölkədə təxminən 1000 əlavə ölüm qeydə alınıb.

Rəsmilər bu rəqəmin hələ yekun olmadığını və artacağını istisna etmirlər. Ölənlərin əksəriyyətini yaşlılar təşkil edir.

Meteoroloqlar havanın nisbətən sərinləşməsinə baxmayaraq, həftəsonundan etibarən Fransada yenidən temperaturun yüksələcəyini proqnozlaşdırırlar.