“Referans Medical Group” ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov Mərkəzin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən innovasiya yönümlü təşəbbüslər və xüsusilə ASAN AI Hub platforması barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, ASAN AI Hub ölkədə süni intellekt ekosisteminin formalaşdırılması və inkişaf etdirilməsi, bu sahədə innovativ həllərin təşviqi, eləcə də insan kapitalının gücləndirilməsi baxımından mühüm rol oynayır.
“Referans Medical Group”un Müşahidə şurasının sədri Hansıyar Babayev isə səhiyyə sahəsində rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi və süni intellekt əsaslı həllərin klinik praktikada istifadəsi istiqamətində görülən işlər və gələcək hədəflər barədə məlumat verib.
Görüş çərçivəsində tərəflər səhiyyə sahəsində süni intellekt imkanlarının tətbiqi, data əsaslı qərarvermə mexanizmlərinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, eləcə də innovasiya yönümlü birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Xüsusilə ASAN AI Hub platforması üzərindən bilik və təcrübə mübadiləsi, ekspert əməkdaşlığı, pilot layihələrin icrası və beynəlxalq təcrübənin öyrənilməsi məsələləri diqqət mərkəzində olub.
Eyni zamanda, gələcək mərhələdə institusional əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və innovasiya təşəbbüslərinin reallaşdırılması, eləcə də səhiyyə və süni intellekt sahələrində uzunmüddətli strateji tərəfdaşlığın qurulması ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, səhiyyə sektorunda innovasiyaların təşviqi və ölkədə süni intellekt ekosisteminin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.




Son xəbərlər
Son Xəbərlər