“Mən oxuyurdum, o öyrənirdi” - Görmə məhdudiyyətli Heydərin hekayəsi...

men-oxuyurdum-o-oyrenirdi
Oxunma sayı: 1281

22 yaşlı Heydər Qafarlı görmə məhdudiyyətli olsa da, Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin “Tarix müəllimliyi” ixtisasını qırmızı diplomla bitirib. Həmçinin təhsil göstəricilərinə görə fakültə üzrə birinci olub. Bu uğurları isə təkcə qazanmayıb, hər gün onu məktəbə aparıb-gətirən, hər keçilən dərsi ona evdə oxuyaraq öyrədən anası Sevda xanımın sayəsində. Hətta ali məktəbə qəbul olunduqdan sonra da anası onunla doğulduğu İsmayıllının Cülyan kəndindən Mingəçevirə köçüb, bütün həyatını oğluna həsr edib.

“Qafqazinfo”ya danışan Sevda Qafarlı bildirib ki, ailəlikcə Heydərin təhsili, inkişafı üçün əllərindən gələni edirlər.

“İki övladım xəstə doğulub və vəfat ediblər. Heydər doğulanda isə hər hansı problemi yox idi, görməsi yaxşı idi. 2-3 yaşı olanda gecə görməsində çətinlik yaranırdı. Həkimə apardım, məlum oldu ki, toyuq korluğu deyilən xəstəliyi var.

Bizə deyildi ki, bu xəstəliyin tamamilə müalicəsi yoxdur. Mən çox pis oldum, uzun müddət özümə gələ bilmədim. Amma bununla belə heç vaxt inamımı itirməmişəm. Əslində beşinci sinfə qədər Heydər özü yazıb-oxuyub. İbtidai sinfi bitirəndən sonra görməsi get-gedə zəiflədi. Buna baxmayaraq, təhsilindən qalmadı. Mən də onunla bərabər çalışırdım. Heydər yaxşı oxuyurdu, hər gün dərsinə hazır gedirdi”, - o söyləyib.

S.Qafarlının sözlərinə görə, oğlunu İranda, Türkiyədə müalicə etdirib. Türkiyədə kök hüceyrə əməliyyatı olunub və həkimlər genetik iynə vurulandan sonra Heydərin görməsinin tamamilə bərpa olunacağını vəd ediblər: “Görməsi tamamilə zəifləyəndən sonra dərslərini mən oxuyurdum. Heydərin hazırlıq müəllimlərinin əksəriyyəti mənim yaxınlarımdır. Tarix müəllimi bacımın həyat yoldaşı Vidadi müəllim, Azərbaycan dili və riyaziyyat müəllimləri isə bacılarım idi.

Oğlum imtahanda 362 bal topladı. Əslində görmə məhdudiyyəti olanlara imtahanda 1 saat əlavə vaxt verilməli idi, əgər vaxt verilsəydi, inanıram ki, daha yüksək bal toplayardı.

Biz Mingəçevir Dövlət Universitetini seçdik, çünki sakit şəhərdə yerləşir, bizə də yaxındır. Mən də onunla Mingəçevirə köçdüm. Universitetin çox gözəl kollektivi var. Qrup yoldaşları da çox yaxşı tələbələr idi. Bəlkə də, Heydərin şansı belə qayğıkeş qrupda oxuması idi”. 

Həmsöhbətimiz deyir ki, qəhrəmanımız müəllim olmaq, həmçinin təhsilini daha da təkmilləşdirmək üçün magistr təhsili almaq niyyətindədir. Anası bu mərhələdə də oğluna dəstək olmağa hazırdır: “Mən universitetin yaxınlığında kirayə ev tutmuşdum, hər gün onu universitetə aparıb-gətirirdim. Bəzən tələbə yoldaşları da mənə kömək edirdilər. 4 il oxudu. İlk gündən də qarşısına məqsəd qoymuşdu ki, yüksək qiymətlər alsın. Belə də oldu. Təhsil fakültəsinin birincisi oldu. Qırmızı diplomla universiteti bitirdi. Qarşısına məqsəd qoyub ki, təhsilini magistraturada davam etdirsin. Amma eyni zamanda MİQ imtahanına da hazırlaşır.

Özüm ixtisasca ibtidai sinif müəllimiyəm, məktəbdə dərnəklər aparırdım. Heydərə görə öz işimlə maraqlanmadım, qarşıma məqsəd qoydum ki, o oxusun, yaxşı təhsil alsın, faydalı insan olsun.

Universitetdə də oxuyanda bütün dərslərini mən oxuyurdum, oğlum öyrənirdi. Gedib danışıb yüksək qiymət alırdı. Tarixi çox sevir, bu fənni sevə-sevə şagirdlərə tədris etmək istəyir. Təcrübə keçəndə də şagirdləri onu çox sevirdilər.

Mənim və yoldaşımın ailə olaraq həyatımız Heydərlə bağlıdır. Onunla bağlı arzularımız o qədər böyükdür ki... Bəli, mən həyatımı ona qurban vermişəm. Övladımın uğuru mənim uğurumdur”.

Heydər Qafarlı da anasının fikirlərinə qatıldığını bildirib: “Tarix müəllimliyi fakültəsinə həm öz istəyim, həm də valideynlərimin istəyi, dəstəyi ilə getmişəm. Əslində gələcəkdə magistraturaya da hazırlaşmağı qarşıma məqsəd qoymuşam.

Valideynlərim mənim üçün çox əziyyət çəkiblər. Müəllimlərim həm də mənim qohumlarım olub. Onlar təhsilimdə böyük rol oynayıblar. Mənə tarixi sevdirən də müəllimim olub. Həmişə yaxınlarım tərəfindən mənəvi dəstək görmüşəm və bu da məni ruhlandırıb. Bunu çox yüksək qiymətləndirirəm”.

Gülnar Əliyeva