Kəngərlidə ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib - Fotolar

kengerlide-oten-ilin-yekunlari-ve-qarsida-duran-vezifeler-muzakire-edilib
Oxunma sayı: 132

Yanvarın 15-də “2025-ci ildə Kəngərli rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Milli Məclisin deputatı Səttar Möhbalıyev, YAP Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Ali Məclisin deputatları, rayоnun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qıvraq qəsəbəsində ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Kəngərli Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov 2025-ci ilin təhlilini apararaq Kəngərli rayonunun ötən ili yüksək sosial-iqtisadi nəticələr və nailiyyətlərlə başa vurduğunu bildirib. Qeyd edib ki, rayonun iqtisadiyyatını, kənd təsərrüfatını gücləndirmək, tikinti, abadlıq və quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi minimuma endirmək, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin edilməsində təşəbbüsləri reallaşdırmaq əsas vəzifələr kimi diqqətdə saxlanılıb. Ötən il rayon büdcəsinin gəlirləri 3 milyon 693 min manat proqnoza qarşı 3 milyon 734 min 300 manat icra olunub. Proqnoz tapşırığa 101,1 faiz əməl edilməklə  büdcəyə 41 min 300 manat əlavə vəsait daxil olub. 2025-ci il üçün dürüstləşdirilmiş büdcə xərcləri 2 milyon 969 min manat nəzərdə tutulub, hesabat dövründə həmin vəsaitin 2 milyon 203 min 62 manatı xərclənib, proqnoza 74,2 faiz əməl edilib.

Rayon həyatının bütün sahələri üzrə statistik məlumatları və əldə olunan uğurları diqqətə çatdıran Kamal Ələkbərov 2026-ci ilin də Kəngərli üçün əlamətdar olacağına əminliyini ifadə edib, rayon ictimaiyyəti adından göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Tədbirdə Kəngərli Rayon Maliyyə şöbəsinin müdiri Əsgər Ağayev və Statistika İdarəsinin rəisi Novruz Kətənov çıxış edərək ötən il müvafiq sahələrdə görülən işlərdən bəhs ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritet vəzifələrdən bəhs edib. Qeyd edib ki, reallaşdırılan layihələr regionun istehsal və infrastruktur potensialının artırılmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və uzunmüddətli inkişafın təmin olunmasına xidmət edir. Proqramın icrası çərçivəsində iqtisadi fəallığın gücləndirilməsi və sahibkarlıq mühitinin daha da əlverişli hala gətirilməsi məqsədilə cari ilin əvvəlindən etibarən Naxçıvan Muxtar Respublikası üzrə müvafiq sahibkarlıq subyektləri üçün 10 il müddətinə vergi və gömrük rüsumları üzrə güzəştlər tətbiq olunmuş, eyni zamanda sosial sığorta ödənişlərinin subsidiyalaşdırılmasına başlanılıb. Hər bir infrastruktur layihəsi, iqtisadi təşəbbüs və ya idarəetmə qərarı sonda vətəndaş məmnunluğuna, sosial ədalətin təmini və insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş olmalıdır.