“İslamabad razılaşması”nın bəzi detalları məlum olub

islamabad-razilasmasinin-bezi-detallari-melum-olub
Oxunma sayı: 750

ABŞ ilə İran arasında əldə olunmuş “İslamabad razılaşması”nın bəzi detalları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İranın “Tasnim” xəbər agentliyi yayıb.

Məlumata görə, tərəflər arasında imzalanan sənədin 13-cü bəndi xüsusi çəkiyə malikdir.

Belə ki, bu bəndə əsasən, memorandumun müəyyən şərtləri tam icra olunmayana qədər tərəflər arasında yekun sənəd, yəni nüvə məsələsi ilə bağlı hər hansı bir danışıqlar aparılmayacaq. Danışıqların son gününə qədər sözügedən 13-cü bənd razılaşmanın digər 4, 5, 10 və 11-ci bəndlərini əhatə edirdi.

Razılaşmanın şərtlərinə görə, 4-cü bənd İrana qarşı dəniz mühasirəsinin ləğvini, 5-ci bənd Hörmüz boğazının yenidən kommersiya gəmiləri üçün açılmasını, 10-cu bənd İranın neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına tətbiq edilən sanksiyaların tamamilə aradan qaldırılmasını, 11-ci bənd isə İranın xarici banklarda dondurulmuş aktivlərinin sərbəst buraxılmasını nəzərdə tutur.

Agentlik bildirir ki, danışıqların son günündə rəsmi Tehranın böyük səyləri nəticəsində sənəddə mühüm dəyişiklik baş verib və 1-ci bənd də bura əlavə edilib. Bu isə o deməkdir ki, əgər İranda və ya onun daxil olduğu müqavimət cəbhəsində, o cümlədən Livanda hər hansı bir hərbi əməliyyat baş verərsə, yekun razılaşma üçün danışıqlar dərhal dayandırılacaq. Eyni zamanda, 13-cü maddəyə əsasən, razılaşmanın icrası, o cümlədən Hörmüz boğazının açılması prosesi avtomatik olaraq dondurulacaq.