İranda iğtişaşlar zamanı ölənlərin sayı 3 mini ötdü - Yenilənib

iranda-igtisaslar-zamani-olenlerin-sayi-3-mini-otdu
Oxunma sayı: 2284

İranda dekabrın sonundan davam edən iğtişaşlar zamanı təxminən 2 min nəfər həlak olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi adının açıqlanmasını istəməyən məmura istinadən məlumat yayıb.

Agentliyə danışan rəsmi həm etirazçıların, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşlarının ölümünə səbəb olan şəxsləri “terrorçu” adlandırıb. Bununla belə, o, ölənlərin neçəsinin etirazçı, neçəsinin isə hüquq-mühafizə orqanlarının əməkdaşı olduğunu açıqlamayıb. 

İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) isə iğtişaşlar zamanı ölənlərin sayının 646 nəfərə çatdığı, onlardan 505 nəfərin etirazçılar olduğu barədə məlumat yayıb. 

Agentlik həmçinin İranın 31 ostanının 187 şəhərində qeydə alınan etirazlarda azı 10721 nəfərin həbs edildiyini vurğulayıb.

***

İranda bir neçə həftədir davam edən hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı artaraq dəhşətli həddə çatıb.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, etirazlar başlayandan bəri həyatını itirənlərin sayı artıq 3 min nəfərə çatıb.

Hesabatda qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nümayişləri yatırmaq üçün odlu silahlardan kütləvi şəkildə istifadə edir:

“Hazırda ölkənin müxtəlif şəhərlərində morqların meyitlərlə dolu olduğu, xəstəxanalarda isə yaralıları yerləşdirməyə yer qalmadığı bildirilir. Öldürülənlərin bir çoxunun şəxsiyyətini hələ də müəyyənləşdirmək mümkün olmayıb. Prosesin sürətləndirilməsi üçün həmin şəxslərin yaxınları morqlara dəvət edilir. SEPAH rəhbərliyi isə beynəlxalq ictimaiyyətin qınağına baxmayaraq, etirazlarda öldürülənlərin hamısının “xarici kəşfiyyata bağlı terrorçular” olduğunu iddia edir”.