“Hər kəs robot istəyəcək” - Mask

her-kes-robot-isteyecek
Oxunma sayı: 613

Amerikalı milyarder, “Tesla”, “SpaceX” və “Starlink” şirkətlərinin rəhbəri İlon Mask İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı süni intellekt (Sİ) və robototexnika sahəsində inqilabi anonslar verib.

“Qafqazinfo” xəbər verir ki, Maskın Davosdakı çıxışında ən diqqətçəkən məqam “Tesla”nın insanabənzər robotu “Optimus”un satış tarixi ilə bağlı olub.

Milyarder bildirib ki, “Optimus” robotları artıq zavodlarda sadə tapşırıqları icra edir və 2026-cı ilin sonuna qədər bu robotların ictimaiyyətə satışına başlanılacaq.

Maskın proqnozuna görə, gələcəkdə dünyada robotların sayı insanları üstələyəcək və bu, iqtisadiyyatda “sonsuz bolluq” dövrünü başladacaq:

“Robotların çoxluğu mal və xidmət bolluğu yaradacaq. Yer üzündə hər kəs yaşlı valideynlərə və ya uşaqlara qulluq etmək, eləcə də gündəlik ev işlərini görmək üçün robot istəyəcək. Robotlar insan əməyinə olan ehtiyacı minimuma endirərək qlobal yoxsulluq problemini kökündən həll edə bilər”.

Çıxışında süni intellektin sürətli inkişafına da toxunan iş adamı Sİ-nin bu ilin sonuna qədər fərdi insan zəkasını, yaxın 5 il ərzində isə bütün bəşəriyyətin kollektiv zəkasını geridə qoyacağını iddia edib. O, robotların təhlükəsizliyi və etibarlılığı tam təmin olunduqdan sonra kütləvi satışların genişlənəcəyini vurğulayıb.