Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçildi

gunay-agamali-ana-veten-partiyasinin-sedri-secildi
Oxunma sayı: 1083

Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçilib.

Bu haqda “Qafqazinfo”ya Partiyanın sədri Fəzail Ağamalı məlumat verib.

“Bu gün Ana Vətən Partiyasının qurultayı keçirilib. Əksər təşkilatlar-Sumqayıt, Abşeron və digər rayon təşkilatlarından nümayəndələr iştirak etdi. Qurultay qanuni olaraq başa çatdı. Yekunda millət vəkili Günay Ağamalı yeni sədr seçildi. Elçin Ağamalıya gəlincə o, nəticəni qəbul etməyə bilər. O, heç Ana Vətən Partiyasının üzvü deyil, qanunsuz hərəkətlərinə görə partiyadan çıxarılıb. Buna görə də biz onun açıqlamalarına ciddi əhəmiyyət vermirik”, - o qeyd edib.

Xatırladaq ki, AVP-nin ötən ilin oktyabrın 25-də keçirilən qurultayında Fəzail Ağamalının öz postunu deputat qızı Günay Ağamalıya verməsi nəticəsində partiyada qalmaqal yaşanmışdı. Belə ki, həmin vaxt partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Bu səbəbdən qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.