Evlərinin çardağında sərvət varmış - 100 il sonra tapıldı - Fotolar

evlerinin-cardaginda-servet-varmis
Oxunma sayı: 1324

Şotlandiyanın paytaxtı Edinburqda bir ailə evinin çardağında təxminən 100 il toxunulmamış qalan tarixi gümüş kolleksiyası aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, Londonda fəaliyyət göstərən “Elmwood's” hərrac evinin satışa çıxaracağı kolleksiyaya XVIII əsrin əvvəllərindən XX əsrin əvvəllərinədək hazırlanmış 100-dən çox gümüş əşya daxildir.

Mütəxəssislər kolleksiyanın ümumi dəyərinin 23 min funt-sterlinqə (təxminən 31 min ABŞ dolları) çatacağını proqnozlaşdırırlar.

Əşyalar köhnə qəzetlərə və kətan parçalarına bükülmüş vəziyyətdə taxta sandıqlarda saxlanılıb. Onların nəsillər boyu çardaqda qaldığı və gün işığından uzaq olduğu bildirilir.

Kolleksiyada Viktoriya dövrünə aid məşhur gümüş ustası Frensis Duqlas tərəfindən hazırlanmış səyahət təraş fırçası, Çar Rusiyası dövrünün gümüş fincanı, Eduard dövrünə aid zərgərlik qutusu, çay dəstləri, şamdanlar, qablar və digər süfrə əşyaları yer alır.

Bundan başqa, kolleksiyada London ustası Ramsden tərəfindən hazırlanmış XX əsrə aid gümüş durbin və Moskva ustası Nikolay Pavlovun 1882-1898-ci illərdə hazırladığı nadir gümüş fincan da var.

“Elmwood's” hərrac evinin satış meneceri Co Kendrik bildirib ki, bu miqyasda və bu qədər yaxşı qorunmuş kolleksiyaya rast gəlmək olduqca nadir hadisədir.

Onun sözlərinə görə, əşyaların onilliklər boyu çardaqda saxlanılması onların gün işığı və xarici təsirlərdən qorunmasına imkan verib.

Kolleksiyanı aşkar edən ailənin nümayəndəsi isə bildirib ki, xəzinə analarına məxsus ev təmizlənərkən tamamilə təsadüfən tapılıb.

“Qutuları açdıqca sanki ailə tariximizin unudulmuş bir səhifəsini yenidən kəşf edirdik. İndi isə bu qiymətli əşyaların daha geniş auditoriya tərəfindən görüləcək olması bizi sevindirir”, – deyə ailə sözçüsü bildirib.