Yaponiyada dünyanın ən böyük istehsal gücünə malik Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasında 6 nömrəli reaktor yenidən işə salındıqdan cəmi bir gün sonra texniki nasazlıq səbəbindən fəaliyyətini dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.
Bildirilib ki, Yaponiyanın qərbində, Niigata prefekturasında yerləşən və Tokio Elektrik Enerjisi Şirkəti (TEPCO) tərəfindən idarə olunan Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasında problemlər davam edir. 2011-ci ildə Tohoku bölgəsində baş verən güclü zəlzələ və nüvə böhranından sonra fəaliyyətini dayandıran stansiya son təhlükəsizlik yoxlamalarının tamamlanmasından sonra 6 nömrəli reaktoru yenidən işə salmışdı.
Məlumata görə, əvvəlki yoxlamalar zamanı aşkar edilən idarəetmə çubuğu siqnalizasiyasının işə düşməməsi problemi aradan qaldırılsa da, reaktorun yenidən işə salınmasından sonra oxşar texniki nasazlıq yenidən qeydə alınıb. İdarəetmə çubuqlarını hərəkətə gətirən qurğunun elektrik komponentlərində problem yarandığı bildirilib. Nəticədə 6 nömrəli reaktor təhlükəsizlik məqsədilə yenidən dayandırılıb. Hazırda nasazlığın səbəbləri araşdırılır.
Niigata Prefektura Hökuməti stansiya ətrafında normadan artıq radioaktivlik səviyyəsinin aşkarlanmadığını açıqlayıb. Qeyd edək ki, idarəetmə çubuqları reaktorlarda nüvə parçalanmasını tənzimləmək və nəzarətdə saxlamaq üçün istifadə olunur.
Qeyd edək ki, 2011-ci ilin mart ayında Yaponiyada baş verən 9 bal gücündə zəlzələ və ardınca yaranan sunami TEPCO-nun Fukuşima Dai-içi Atom Elektrik Stansiyasında ciddi nüvə qəzasına səbəb olmuşdu. Bu hadisədən sonra istehsal gücünə görə dünyanın ən böyük nüvə kompleksi hesab edilən Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasındakı yeddi reaktorun hamısı 2012-ci ilin mart ayında dayandırılmışdı.
Niigata qubernatoru Hanazumi Hideyo 21 noyabr 2025-ci ildə stansiyadakı reaktorlardan birinin yenidən aktivləşdirilməsini təsdiqlədiyini açıqlayıb. O, bu qərarın siyasi karyerası üçün risk daşıdığını və vəzifəsində qalmaq məsələsi ilə bağlı müvafiq qurumların qərarına müraciət edəcəyini bildirib.
2025-ci ilin dekabrında Niigata Prefektura Məclisinin təsdiqi ilə Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasının qismən və tam şəkildə yenidən fəaliyyətə başlamasına mane olan əsas hüquqi və inzibati əngəllər aradan qaldırılıb.
Yaponiya dənizi sahilində yerləşən, yeddi reaktordan ibarət Kaşivazaki-Kariva Atom Elektrik Stansiyası 2012-ci ildə Fukuşima Dai-içi qəzasından sonra ictimai təhlükəsizlik və TEPCO-nun idarəetməsi ilə bağlı narahatlıqlar səbəbindən bağlanmışdı.
6 nömrəli reaktorun yenidən işə salınması Fukuşima fəlakətindən sonra Yaponiyada mövcud olan 33 nüvə reaktorundan 15-nin yenidən fəaliyyətə başlaması deməkdir.
Son xəbərlər
Son Xəbərlər