Dövlət Xidməti Yevlaxda gənclər üçün tədbirlər keçirdi - Fotolar

dovlet-xidmeti-yevlaxda-gencler-ucun-tedbirler-kecirdi
Oxunma sayı: 667

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Yevlax rayonunda tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Yevlax rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib.

Tədbirdə Yevlax Rayon İcra Hakimiyyəti başçısı Anar Tağıyev, rayon ictimaiyyəti, Dövlət Xidmətinin rəhbər heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər.

Hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər.

Daha sonra Yevlax RİH-nin dəstəyi ilə gənclər üçün KOBİA-nın Aran Regional İnkişaf Mərkəzinin konfrans zalında “Vətənpərvər Azərbaycan gəncliyi - Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib. Görüşdə açılış nitqi ilə çıxış edən Yevlax Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Xaliq Əliyev belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Yevlax rayon şöbəsinin rəisi mayor Samir Rəhimov gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.