Türkiyəli jurnalist, “Yeşil Iğdır” qəzetinin təsisçisi və baş redaktoru Cabbar Şıktaş Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin altıncı ildönümü münasibətilə Iğdırda təşkil edilmiş “Qardaşlıq yürüşü”ndən bəhs edən məqalə yazıb.
“Qafqazinfo” müəllifin “Dünən Iğdırda Azərbaycan küləyi əsdi” sərlövhəli məqaləsini təqdim edir:
“Dünən Iğdırda Azərbaycan küləyi əsdi.
8 Noyabr - Zəfər Günü münasibətilə Iğdırda müxtəlif tədbirlər təşkil edildi. Iğdır Valiliyi, Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Iğdır Azərbaycan Evinin əməkdaşlığı ilə həyata keçirilən tədbirlərdəki coşqunu həm görməyə dəyərdi, həm də Iğdır adına alqışı haqq edirdi.
Dünən Mədəniyyət Mərkəzində naxçıvanlı ifaçıların və folklor qrupunun nümayiş etdirdiyi performans tamaşaçılar tərəfindən ayaq üstə alqışlandı. Dövlət rəsmilərinin hamısı orada idi.
Eyni gündə Şuşanın və eyni zamanda Qarabağın simvolu olan Xarıbülbül Sənət Emalatxanasının açılışı baş tutdu. Qarabağın simvolu olan xarıbülbül çiçəyi Iğdır valisi M.Fırat Taşoların həyat yoldaşı Didem Taşoların fəaliyyəti sayəsində sanki ölümsüzləşdi. Xalq Təhsil Mərkəzində istehsal olunan nişanları, gəlincikləri, çantaları, boyunbağıları, heykəlcikləri və rəsm əsərlərini bəzəyən xarıbülbül mədəni bir dəyərə çevrildi.
Axşam saatlarında Iğdırın mərkəzində yerləşən Zübeyde Xanım Bulvarından başlayan qardaşlıq yürüşünü isə həqiqətən görməyə dəyərdi.
Uşaqlardan böyüklərə, gənclərdən yaşlılaradək hər kəs yürüşə qatıldı. Əllərində Türkiyə və Azərbaycan bayraqları ilə yürüş edən Iğdır sakinlərinə evlərdən və iş yerlərindən verilən inanılmaz dəstəyi, edilən alqışları və yandırılan məşəlləri görməyə dəyərdi.
Vali M.Fırat Taşolar və Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov başda olmaqla yüksəkvəzifəli dövlət rəsmiləri yürüşdə iştirak etdilər.
Iğdırdan yüksələn bu səs boş danışanlara və Türkiyə-Azərbaycan qardaşlığını pozmağa çalışanlara verilmiş mühüm bir cavab olaraq dəyərləndirildi.
Türkiyə ilə Azərbaycanın qardaşlığını şüurlu şəkildə pozmağa çalışan şər qüvvələr Iğdırdakı bu yürüşü gördüklərində səylərinin boş olduğunu bir daha anladılar, yüksələn qardaşlıq səsləri qarşısında susmağa məcbur oldular.
Qardaşlıq yürüşündə yalnız bir plakat var idi. Üzərində bu mənalı sözlər yazılmışdı:
“Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”.
Mustafa Kamal Atatürk
“Biz bir millət, iki dövlətik”.
Heydər Əliyev
Bu möhtəşəm sözlərdən sonra deyiləcək başqa bir söz yoxdur.
Qarabağ zəfərinin qazanıldığı tarix 10 noyabr idi. Lakin 10 noyabr Qazi Mustafa Kamal Atatürkün vəfatının ildönümü olduğundan, Azərbaycan Prezidenti İlham Əliyev Atatürkə hörmətsizlik olmaması üçün bayramın 8 noyabr tarixində keçirilməsini qərara aldı.
8 Noyabr - Qarabağ zəfərinin 6-cı ildönümü münasibətilə Iğdırda təşkil edilən bu möhtəşəm tədbirlərə bütün Iğdır əhalisi ev sahibliyi etdi.
Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət sədri Ali Kemal Ayaz və bütün partiyalılar da yürüşə qatıldılar. Iğdır Ülkü Ocaqları vilayət sədri Alparslan Çelikten və gənclər də yürüşdə yerlərini aldılar.
Bir sözlə, Iğdır bir ürək oldu.
2020-ci ildə Qarabağda müharibə başlayanda Türkiyə, 2023-cü ildə “əsrin fəlakəti” - Kahramanmaraş başda olmaqla, 10 vilayətimizi böyük dağıntıya məruz qoyan zəlzələlər baş verdiyi zaman Azərbaycan necə bir ürək olmuşdusa, bu gün də Iğdır bir ürək oldu.
Iğdır atdığı addımlarla və yüksəltdiyi səslə bütün dünyaya bir daha haray çəkdi: Biz qardaşıq! Bu qardaşlığa heç kim kölgə sala bilməz!
Təşkilat komitəsini, Iğdır əhalisini və tədbirə qatılan hər kəsi ürəkdən təbrik edirik.
Yaxşı ki varsınız!”