Cənubi Koreyanın keçmiş prezidentinə ölüm cəzası istədilər

cenubi-koreyanin-kecmis-prezidentine-olum-cezasi-istediler
Oxunma sayı: 217

Cənubi Koreyada keçmiş prezident Yun Sok Yol barəsində edam cəzası istənilib.

“Qafqazinfo” Cənubi Koreya mətbuatına istinadən xəbər verir ki, xüsusi istintaq qrupu məhkəməyə müraciət edərək Yun Sok Yolun ölüm hökmünə məhkum edilməsini tələb edib.

İddiada bildirilir ki, onun ölkədə fövqəladə hərbi vəziyyət elan etməsi Konstitusiya quruluşuna ciddi təhlükə yaradıb və bu addım qiyam aktı kimi qiymətləndirilir.

Xatırladaq ki, Yun Sok Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq 2024-cü il dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb. 

Dekabrın 14-də Cənubi Koreya qanunvericiləri prezidentin impiçmentini dəstəkləyiblər. Prezidentin vəzifəsindən kənarlaşdırılmasının lehinə 204 deputat, əleyhinə isə 85 deputat səs verib. Bu il yanvarın əvvəlində keçmiş prezidentin həbs müddəti daha 6 ay uzadılıb.