“Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”

bunu-hansi-agilla-azeriqaz-adlandirmisiniz
Oxunma sayı: 6174

“Dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Aparıcıların dilə biganə, laqeyd münasibəti insanı hiddətləndirir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” və s. Bəs “Azəriqaz” niyə? Bizim tayfanın adı “azəri” deyil. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. O, İranda yaşayan etnik azlıqdır. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir. Ədliyyə Nazirliyi bu barədə ictimaiyyəti məlumatlandırsın”, - deputat əlavə edib.

Deputat Hikmət Məmmədov həmkarının fikri ilə razılaşmayıb.

“Səyyad müəllim, bizim ölkəmizin adı nədir: Azər-baycan. Biz “azər” və ya “azəri” sözündən imtina etməklə, kökümüzdən, dövlətimizdən imtina etmiş oluruq. İranda “azəri” adında fars kökənli etnik azlığın yaşaması uydurmadır. İranda belə bir etnik qrup yoxdur, o bizik. Bizim etnik adımızın kökü “az”dır”, - H.Məmmədov qeyd edib.

Nuranə Daxilqızı