BBG Energy nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkek şəhərinə rəsmi işgüzar səfər həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi, enerji və infrastruktur layihələri üzrə tərəfdaşlıqların inkişaf etdirilməsi, eləcə də BBG Energy-nin regional fəaliyyət perspektivlərinin müzakirəsi olub.
Səfər çərçivəsində nümayəndə heyəti Qırğızıstanın aparıcı inkişaf şirkətlərindən biri olan Legend Development şirkətinin icraçı direktoru Xudayar İlyasov ilə görüş keçirib. Görüş zamanı şəhərsalma, yaşayış kompleksləri, sənaye infrastrukturu və investisiya layihələri üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
BBG Energy nümayəndələri həmçinin Azərbaycan–Qırğızıstan İnkişaf Fondunu ziyarət edib, Fondun həmsədri İqbal Babayev ilə görüş keçirərək qurumun fəaliyyəti, prioritet istiqamətləri və gələcək investisiya təşəbbüsləri ilə yaxından tanış olublar. Görüş zamanı qarşılıqlı maraq doğuran layihələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfər proqramı çərçivəsində Azərbaycan–Qırğızıstan İşgüzar Şurasının Qırğızıstan tərəfindən həmsədri Gülnarə Taraliyeva ilə görüş keçirilib. Görüş zamanı BBG Energy-nin geniş təqdimatı təşkil olunub, şirkətin enerji, sənaye xidmətləri, təchizat zənciri idarəçiliyi, infrastruktur və kənd təsərrüfatı layihələri sahəsində həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat təqdim edilib. Tərəflər Azərbaycan və Qırğızıstan arasında biznes əlaqələrinin gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi və özəl sektor əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Nümayəndə heyəti Azərbaycan və Qırğız xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin rəmzi hesab olunan Azərbaycan–Qırğızıstan Dostluq Parkını da ziyarət edib və iki ölkə arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Səfər müddətində dövlət qurumları, biznes strukturları və investisiya təşkilatları ilə bir sıra görüşlər keçirilib. Xüsusilə alternativ enerji layihələrində BBG Energy-nin EPC podratçısı qismində iştirakı, mülki və sənaye tikinti layihələri, enerji infrastrukturu və kənd təsərrüfatı istiqamətləri üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub.
BBG Energy rəhbərliyi şirkətin regional layihələrdə qazandığı təcrübəni Qırğızıstan bazarına təqdim etməyə hazır olduğunu bildirib və ölkənin iqtisadi inkişafına töhfə verə biləcək uzunmüddətli tərəfdaşlıqların qurulmasına maraq göstərdiyini qeyd edib.
BBG Energy region ölkələrində enerji, sənaye, təchizat zənciri və infrastruktur sahələrində fəaliyyətini genişləndirməyə davam edir və Mərkəzi Asiyanı şirkətin strateji inkişaf prioritetlərindən biri kimi qiymətləndirir.

Son xəbərlər
Son Xəbərlər