Puşkinin ev muzeyinə Rusiya səfərimin Sank-Peterburqdakı sonuncu günündə gedə bildim. İxtisasca ədəbiyyatçı olmayan, ancaq incəsənətə və sənət adamlarına xüsusi rəğbəti olan qohumum və dostum Nəriman Nərimanovla başdan-başa kübarlıq nümunəsi olan, Rusiyanın mədəniyyət mərkəzi sayılan Sankt-Peterburqun Neva prospektində Moyka çayının gözəlliyinə diqqət edə-edə Puşkinin ev muzeyinə gəlib çatdıq. Qeyd edim ki, Puşkin 1837-ci il yanvar ayının 29-da bu evdə dünyasını dəyişib. O məşum ölüm indiyə kimi də Rusiyanın qəlbində acı xatirə kimi dolanmaqdadır. Muzey iki hissədən ibarətdir: bir hissədə “Puşkinin ev muzeyi” yerləşir, digər hissədə isə “Yaradıcılıq muzeyi”. Vaxt az olduğundan biz yalnız Puşkinin ev muzeyində ola bildik. Puşkin bu imarətdə iki illik müqavilə əsasında qalamlı olsa da, qəfil onu haqlayan ölüm şairə müəyyən olunmuş vaxta qədər həmin evdə yaşamağa imkan verməyib. 11 otaqdan ibarət evin hamamı və mətbəxi zirzəmidə yerləşir.
Düzü, o vaxta qədər ziyarətçisi olduğum muzeylər içərisində ziyarətçi sayına görə Puşkinin ev muzeyi xüsusi seçilirdi. Belə ki, hər iki saatdan bir təşkil edilən ekskursiyalarda, demək olar ki, 40-45 ziyarətçi iştirak edir, fasiləsizlik isə göz qabağındaydı. Görünür, Anna Axmatova əbəs yerə deməyib: “Puşkinin evi bütün Rusiyanın ziyarətgahıdır”. Bizə də bu ziyarətgaha qədəm basmaq nəsib oldu.
Düşünəndə ki, bir vaxtlar Puşkinin aqibətindən naümid olan, “görəsən, onun yarası sağalacaqmı” deyə düşünən kəslər, məhz, bu həyətdə gözləyiblər, az qalır insanın ağlı başından çıxsın, şəxsən mən evin pəncərəsindən baxanda bu hissləri keçirirdim.
İmarətin həyətində əla bir kafe var, biletimizi alıb, ekskursiya üçün təyin olunan vaxtı gözlərkən düşündük ki, oturub bir çay içmək heç də pis olmaz. Deyim ki, şairin ev muzeyinin həyətindəki kafedə uyğun qiymətə yeməklər var. Beləcə, yüngülvari bir şeylər atışdırb müəyyən olunmuş vaxtda ekskursiyaya qoşulduq. Muzeyin həyətindəki digər maraqlı məkansa “Konsert zalı”dır.
İlk eksponat: Ölüm
Muzeyin ilk eksponatı tapança dəstidir. Ancaq şairə aid tapança dəsti isə Praqada şəxsi kolleksiyada saxlanılır. Muzeyin bələdçisi tapança haqqında danışarkən şairin həyatı barədə də maraqlı faktları qeyd etdi: Deməli, Puşkin və onun həyat yoldaşı Natalya toya qonaq olurlar. Puşkinin baldızı Yekatirina Qonçarova toyda Jorj Dantesə aşiq olur. Dantes isə Puşkinin arvadına. 1838-ci ildən başlayaraq Puşkinə və tanışlarına anonim məktublar gəlməyə başlayır. Muzeyədə tapançanın yanında həmin anonim məktublar da qoyulub. Anonim məktubların Dantes tərəfindən yazıldığını düşünən Puşkin onu duelə çağırmaq istəyir, qohumları aranı soyutmaq üçün Danteslə Puşkinin baldızı Yekatirinanı evləndirsələr də xeyri olmur. Bu münasibətlərə görə Puşkin arvadını bacısının toyuna getməyə qoymur. Beləliklə, Puşkini ölümə aparan hadisələrin əsası qoyulur.
Qeyd edək ki, Puşkindən sonra həyat yoldaşı və uşaqları bu evi tərk ediblər. 1925-ci ilin fevralında şairin ölümüylə bağlı tədbirlərin birində müzakirə edilən muzey açılması məsələsi 1927-ci ildə, nəhayət ki, reallaşır. Beləliklə, bizim də ziyarətçisi olduğumuz bu möhtəşəm ev muzeyə çevrilir.
Puşkini heyran edən pilləkənlər: Ölüm
Puşkinin evi həm gözəl bəzənməsi, həm zadəganlara xas kübar ab-havası ilə seçilir, təmtəraqlı pilləkənlərsə göz oxşayır. Pilləkənlərdən düşüb-qalxanda insan özünü qəribə hiss edir, muzey XIX əsrin aurasını tam qoruyub saxlayıb. Ona görə bələdçinin sözlərindən belə çıxdı ki, pilləkənlərin gözəlliyinə baxmağa əşhədü ehtiyac var. Dil basmayıb bir məqamı da xatırlatmaq istəyirəm; Puşkinin dueldə yaralandığı günün səhəri bu pilləkənlərdən saysız-sanasız insanlar qalxıb-düşür, şairin aqibəti ilə maraqlanır, bəzilərisə başını tutacaqlara söykəyib mürgüləyirdi.
Qonaq otağı: Ölüm
Muzeyin giriş otağı Puşkinin evinin qonaq otağı sayılır, evin pəncərəsi birbaşa Moyka çayına açılır. Otaqda böyük şahmat taxtası var, şair saatlarla şahmat oynamağı xoşlayırmış.
Şair yaralanan gün onun dostları bu otaqda yatmayıb xəbər gözləyiblər. Qeyd edək ki, Puşkin Turgenevlə də, məhz bu otaqda görüşürmüş. Həmin otağın divarında Orest Kiperensknin yağlı boya ilə çəkdiyi şairin portreti var, indi həmin portret Moskvada Puşkinin adını daşıyan muzeydə saxlanılır. Ev muzeyindəki rəsm əsəri isə həmin portretin bənzəridir. Qeyd edək ki, qonaq otağında maraqlı əşyalardan biri də sinidir: sininin içində Puşkin ailə həyatı quran gün içdikləri şonpan süzülmüş badələr, müxtəlif qaşıq dəstələri var.
Puşkinin otağı: Ölüm
Puşkin yaralanandan sonra yaxın olsun deyə şairin yatdığı otaqda sevimli xanımı Natalya üçün çarpayı qoyurlar. Puşkin isə istəmirdi ki, arvadı onun əzab çəkməsini görsün. Ona görə də ağrılarını gizlədirdi, hamı ona “rahat ol” desə də şair inadından dönmürdü və hərdən ona baş çəkməyə gələn adamlara bu sözləri deyirdi: “Natalya çox təmizdir, mələk kimidir, o, mənsiz bu dünyada neyləyəcək, cəmiyyət onu əzəcək”. Şair ölümündən əvvəl əlini öz nəbzinə qoyub bu sözləri demişdi: “Ölüm yaxınlaşır”.
Natalyanın otağı: Ölüm
Natalya Qonçarova ilə ev sahibəsinin otağı iki hissəyə ayrılır, pərdənin arxasında kiçik çarpayı var. Məhz bu otağın pəncərəsi qarşısında Natalyaya xəbər gətirirlər ki, Puşkin ölümcül yaralanıb. Stolun üstünə onun A.P.Buirliyiv tərəfindən çəkilmiş portreti də var. Portretdən də göründüyü kimi, Natalyanın taxdığı zinət əşyaları onu qeyri-adi dərəcədə gözəl göstərirdi. Puşkin də onu ilk dəfə həmin gözəllikdə görüb qeydlərində yazırdı: “Onu gördüm ağlım başımdan çıxdı”. Otaqda sandıqca da var, Puşkinin ölümündən sonra ona aid məktubları bu sandıqcanın içində saxlayırmışlar. Puşkin öləcəyini hiss edəndə xahiş edir ki, onu həyat yoldaşı yedirtsin. Natalya Puşkinə iki qaşıq yemək verir, sonra şair üzünü arvadının üzünə söykəyib deyir: “Şükür, hər şey yaxşıdır, pis olma, get, sağlıqla qal” və üzünü yana çevirib pıçıldayır: “həyat bitdi”.
Haşiyə: Ölüm
Deyilənə görə, Puşkin üçün belə bir evdə qalmaq, zənginlərlə ayaqlaşmaq çox çətin idi, ona görə də dəfələrlə kəndə köçmək istəmişdi. Natalya isə iki bacısını - Yekatirina və Aleksandranı da kənddən gətizdirib yanında saxlayırdı ki, şəhərdə onlara daha kübar ər tapsın.. Puşkinsə baldızlarının onunla birgə yaşamasından narahat olurdu. Dostlarına danışırmış ki, başqalarıyla yaşamaq ailəyə bəla gətirir, doğurdan da, belə oldu, Puşkinin həyatı elə baldızının aşiq olduğu Dantes tərəfindən də sona çatdı.
Uşaq otağı: Ölüm
Natalyanın yataq otağıyla yanaşı uşaq otağı yerləşir. Puşkinin ailəsində dörd uşaq böyüyüb: Mariya, Aleksandr, Qriqori və Nataşa. Otaqda çoxlu oyuncaqlar, hədiyyələr gözə çarpır. Uşaqlara rahatca kitab oxumaq üçün otağa ayrıca kreslo qoyulub. Şair uşaqlarına hələ o vaxt az-az tapılan rəngləmək üçün kitabçalar alırmış. Uşaqlarsa atalarının səsində rusca və fransızca nağıllara qulaq asmağı xoşlayarlarmış. Puşkin 1836-cı ildə moskvalı dostu Pavel Nasokina yazır: “Mənim ailəm sayca çoxalır, səs-küylü ailəm mənə qocalıqdan qorxmamağı öyrədir, indi düşünürəm ki, subaylıq necə də darıxdırıcı imiş, yaxşı ki, evləndim və uşaqlar dünyaya gəldi”. Puşkin öldüyü gecə uşaqlarını bir-bir yanına çağırır və onlara ata xeyir-duası verir. Otaqdakı ən diqqət çəkən əşyasa oğlu Saşanın xaç suyuna çəkilmiş köynəyidir.
Puşkinin yaradıcılıq otağı: Ölüm
Növbəti otaq Puşkinin yaradıcılıq otağıdır. Bu otağın qapısı ayrıdır və bura girəndə onu narahat etmək olmurmuş, kabinetdə böyük kitabxana və əl yazmalarla dolu olan yazı masası var. Otaq qiymətli əşyalarla zəngin olsa da, sadəlik insanı valeh etməyə bilmir. Müasirləri deyirdilər: “çətin ki, Peterburqda kiminsə belə kitabxanası ola”. Rəssamların çəkdiyi portretlər, fransızca və rusca o dövrə aid bütün dünya ədəbiyyat nümunələri, Dantenin “İlahi komediya”sı da diqqət çəkir. Otaqda şairin perosu, yellənən və ayaq qoymaq üçün xüsusu yeri olan kreslosu da var. Gözəgəlimli stolsa 25 may 1835-ci ildə Qambs qardaşlarının mebel mağazasından alınıb. Divar saatısa hələ də işləyir.
Jukovski və saat: Ölüm
Puşkini sevdiyi portretlərin içində ən çox bəyəndiyi dostu V.A.Jukovskinin portreti imiş. Jukovski Puşkinin yaxın dostuymuş. Bütün çətin günlərində onun yanında olub. Danteslə olacaq birinci duel də Jukovskinin səyi nəticəsində təxirə düşmüşdü. Məlum duelin baş tutmaması üçün Jukovski əlindən gələni etsə də, ciddi bir nəticə hasil edə bilməyib.
Puşkin 1837-ci il 29 yanvar, saat 02:45-də gözlərini həyata əbədi yumub, ölümündən sonra şairin cib saatını arvadı Jukovskiyə bağışlayıb, həmin saatsa şairin öldüyü vaxtı göstərirdi.
Sonuncu otaq: Ölüm
Ən axırıncı otaq şairin tabuta qoyulduğu otaqdır, Jukovsknin istəyi nəticəsində şair öz eviylə məhz bu otaqda vidalaşır. Ölümündən dərhal sonra hələ cizgiləri öləziməmiş şairin üzünün maskasını çıxarırlar, maska da bu otaqda saxlanılır. İvan Turgenev isə Puşkin ölən gün onun saçından kəsib gümüş medalyona qoyur və həmin medalyonu həmişə üstündə gəzdirirmiş. Parisdə olanda Turgenev xahiş edir ki, medalyonu Rusiyaya göndərsinlər və belə də olur. Hazırda həmin medalyon da bu otaqda saxlanılır.
Puşkini dəfn etməkçün bir çox yer təklif olunsa da, şair, sən demə, özünə anasının qəbrinin yanında pulla yer alıbmış. Beləliklə, Puşkin Mixoylovski qəbirstanlığında dəfn olunur.
Son…
Muzeyin zirzəmisi də, təmir olunub. Əsas otaqlara da çıxış ordandır. Muzeylə bağlı bukletlər, Puşkinin əksi olan medallar, şairin rəsmi olan müxtəlif suvenirlər, dəftərçələr, qələmlər, dürlü minatür kitablar satılır. Muzeyə gəlmiş ziyarətçilər Puşkinə aid nəsə almamış, demək olar ki, oranı tərk etmirlər.
Zəruri qeyd: Bələdçi bizi ev muzeyi ilə tanış edəndə, bütün otaqları dolana-dolana müxtəlif situasiyaları məhz Puşkinin ölümü ilə əlaqələndirirdi. Maraqlısı odur ki, bir situasiyanı, yəni, ölümü sanki Puşkinin evinin başına fırladırdı. Yazımda da məhz, həmin xanımın üslubundan istifadə etmişəm. Maraqlısı nədir, mən ev muzeyində ikinci ekskursiyaya da bir az iştirak etdim, digər bələdçi isə tamam yeni üslubda danışırdı. Bunun niyə belə olduğunu soruşandasa, öyrəndiyim nəticə çox xoşuma gəldi. Deməli, hər bələdçi muzeyi əsas faktlar saxlanılmaqla tamam ayrı üslubda ziyarətçilərə təqdim edir. Bunun belə olması isə, imkan yaradır ki, bir dəfə muzeydə olmuş ziyarətçi, muzeyi başqa bir gözlə görmək üçün yenə də “mübarək qədəmlər”ini muzeydən əskik eləməsin. Bununla da muzey daim ziyarətçi marağına səbəb olur. “Əcəb xalqdır bu firəng xalqı”, hə elə urusların özü də...
Xüsusi olaraq Qafqazinfo üçün,
Fərid Hüseyn