Xəzər regionu və Mərkəzi Asiyanın aparıcı yük aviaşirkəti olan “Silk Way West Airlines” Sinqapur Çangi Hava Limanında yüklərin emalı və yük hava gəmilərinə yerüstü xidmətlərin göstərilməsi üzrə dünyanın aparıcı aviasiya və səyahət xidmətləri təminatçılarından biri olan “dnata” ilə yeni çoxillik müqavilə imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu razılaşma iki şirkət arasında uzunmüddətli qlobal tərəfdaşlığı daha da möhkəmləndirir.
Müqaviləyə əsasən, “dnata” Asiyanın əsas aviasiya və logistika mərkəzlərindən biri olan Çangi Hava Limanında “Silk Way West Airlines”ın həftədə iki dəfə həyata keçirilən yük reyslərinə xidmət göstərəcək. Tərəfdaşlıq çərçivəsində hər il 100-dən çox yük reysinin və 15 000 tondan artıq müxtəlif kateqoriyalı yükün emalı nəzərdə tutulur. Bu yüklərə standart yüklər, temperatur rejiminə həssas məhsullar, eləcə də neft-qaz, aviasiya və aerokosmik sahələr üçün nəzərdə tutulan avadanlıqlar kimi xüsusi təyinatlı yüklər daxildir.
Sinqapur “Silk Way West Airlines”ın qlobal yük şəbəkəsində mühüm rol oynayır və Asiya-Sakit okean regionunu Yaxın Şərq, Avropa və digər əsas bazarlarla birləşdirir. Bu müqavilə aviaşirkətin yüksək əməliyyat standartlarını qorumaq, xidmət etibarlılığını gücləndirmək və şəbəkə üzrə yük axınlarının səmərəli idarə olunmasını təmin etmək istiqamətində yanaşmasını əks etdirir.
“Qlobal yük şəbəkəmizdə Sinqapur mühüm keçid məntəqəsidir. Etibarlı yerüstü xidmət və yük emalı hava gəmiləri ilə əməliyyatların səmərəli və fasiləsiz həyata keçirilməsi üçün vacib amildir. dnata ilə davam edən əməkdaşlığımız əməliyyat mükəmməlliyinə, xidmət etibarlılığına və bütün dünyada müştərilərimizə etibarlı yükdaşıma həlləri təqdim etməyə yönəlmiş fəaliyyətimizi dəstəkləyir”, - “Silk Way West Airlines”ın əməliyyatlar üzrə baş direktoru Onno Pitersma bildirib.
“dnata”nın Sinqapurdakı hava limanı əməliyyatları bölməsinin İdarəedici direktoru Tom Elvin-Cons qeyd edib ki, bu müqavilə “dnata”nın Sinqapurdakı güclü əməliyyat imkanlarını və Çangi Hava Limanı kimi dinamik və yüksək səviyyədə koordinasiya olunan aviasiya mərkəzində yük aviaşirkətlərinə etibarlı dəstək göstərmək bacarığını nümayiş etdirir: “Biz Çangi Hava Limanı ekosistemində fəaliyyət göstərən tərəfdaşlarla sıx əməkdaşlıq edirik və komandamız bu işdən həqiqətən qürur duyur. Bizim üçün əsas məqsəd sabit və etibarlı xidmət göstərməkdir. Bu, əməliyyat tələblərinin artdığı şəraitdə belə, hava gəmilərinin vaxtında qəbul edilib yola salınmasını, yük axınlarının fasiləsiz idarəolunmasını və yüksək xidmət standartlarının qorunmasını təmin etmək deməkdir. Bu nəticə yerli səviyyədə peşəkar komandaların, düzgün qurulmuş proseslərin və effektiv sistemlərin birgə fəaliyyəti sayəsində mümkün olur”.
Bu saziş “Silk Way Group” və dnata arasında uzunmüddətli tərəfdaşlığa əsaslanır və hazırda Amsterdam, Dubay, eləcə də İraqın bir sıra istiqamətləri daxil olmaqla əsas beynəlxalq bazarları əhatə edir. “dnata” artıq aviaşirkətin genişmiqyaslı əməliyyatlarına dəstək göstərir, hər il 1000-dən çox reysə xidmət edir və əhəmiyyətli həcmdə yük emal edir. Son dövrdə tərəfdaşlıq Azərbaycanın Ələt Azad İqtisadi Zonasında inşa olunan yeni yük hava limanında aviasiya xidmətləri mərkəzinin yaradılmasına yönəlmiş birgə müəssisə çərçivəsində daha da genişləndirilib.
Sinqapurda “dnata” Çangi Hava Limanında 30-dan çox aviaşirkətə geniş çeşidli aviasiya xidmətləri göstərir və hər il təxminən 250 000 ton yük emal edir. Qlobal miqyasda isə “dnata” 16 ölkədə 90-dan çox hava limanında yerüstü xidmət və yük emalı sahəsində fəaliyyət göstərir. 2025-2026 maliyyə ilində şirkətin komandaları 888 000-dən çox reysə yerüstü xidmət göstərib və 3,2 milyon ton yük emal edib.
Yeni müqavilə “Silk Way West Airlines”ın etibarlı beynəlxalq xidmət təminatçıları ilə strateji tərəfdaşlıqlar vasitəsilə dayanıqlı qlobal yük əməliyyatlarını inkişaf etdirmək, həmçinin dünyanın müxtəlif bazarlarında müştərilərinə sabit xidmət keyfiyyəti və etibarlı yükdaşıma həlləri təqdim etmək istiqamətində fəaliyyətini bir daha təsdiqləyir.
“Silk Way West Airlines” haqqında
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan “Silk Way West Airlines” 2030-cu ilə qədər donanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.