Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyası fonunda virus şübhəsi daşıyan halların Braziliya və İtaliyada araşdırılması beynəlxalq narahatlığı artırıb. Beynəlxalq səyahət tarixçəsi olan şəxslərlə bağlı xəbərdarlıqlardan sonra hər iki ölkədə xüsusi səhiyyə protokolları işə salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilir ki, KDR-də Bundibuqyo ştammının səbəb olduğu epidemiya zamanı müalicə alan dörd tibb bacısı və bir laboratoriya əməkdaşı sağalaraq xəstəxanadan buraxılıb.
Bununla belə, ölkədə epidemiya genişlənməkdə davam edir. Son məlumatlara əsasən, yoluxma hallarının sayı 282-yə, ölüm sayı isə 42-yə çatıb. Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi hazırda 1100-dən çox şübhəli halın araşdırıldığını açıqlayıb.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Bundibuqyo ştammına qarşı hazırda lisenziyalı peyvənd və ya xüsusi müalicə mövcud deyil. Bununla yanaşı, güclü dəstəkləyici müalicə və erkən müdaxilə sayəsində xəstələrin sağalma şansının əhəmiyyətli dərəcədə artdığı qeyd olunub.
Epidemiya bölgələrinə səfər etmiş şəxslərlə bağlı şübhəli hallar Braziliya və İtaliyada əlavə tədbirlərin görülməsinə səbəb olub.
Braziliyada San-Paulu və Rio de Janeyro şəhərlərində yüksək hərarətlə xəstəxanaya müraciət edən iki nəfərdə ilkin olaraq meningit və malyariya aşkarlansa da, səhiyyə qurumları Ebola ehtimalının tam istisna edilmədiyini və müşahidələrin davam etdiyini bildiriblər.
İtaliyanın Sardinia bölgəsində isə Konqo Demokratik Respublikasından qayıdan və Ebola simptomları göstərən sərnişinlə bağlı təcili protokollar tətbiq edilib. Sonradan aparılan testlərin mənfi nəticə verdiyi açıqlansa da, vəziyyət diqqətlə izlənilir.
Bildirilir ki, beynəlxalq reaksiyanın gecikməsi virusun regional sərhədləri aşaraq digər ölkələrə daşınması riskini artırıb. KDR tarixində qeydə alınan 17-ci Ebola epidemiyası artıq ölkənin ən böyük epidemiyalarından biri hesab olunur.
Son xəbərlər
Son Xəbərlər