“Adam bilmir fikrini necə ifadə eləsin. Möhtəşəm oyun oldu, möhtəşəm hisslər keçirdik. Düşünürəm ki, tarixi qələbə qazandıq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, azarkeşlərin qələbədə xüsusi pay sahibi olduqlarını bildirib: “İnşallah, pley-offa çıxmaq şansımız yüksəkdir. Mərhələ adlasaq, bu qələbənin əhəmiyyəti daha da böyük olacaq. Son dəqiqə qolu ilə qələbə qazanmağımız oyuna xüsusi rəng qatdı. Qələbə ilə xalqımızı sevindirdik. Azarkeşlərimizə təşəkkür edirəm. Hava soyuq olsa da, dəstək möhtəşəm idi. Sanki hamı hiss edirdi ki, sonda qol vurub qələbə qazanacağıq”.
“Adətən sona qədər mübarizliyinə görə bu ölkənin millisinə və klublarına “Alman maşını” deyirlər. Demək olar ki, “Qarabağ” “Ayntraxt”ı “öz silah”ı ilə vurdu?” sualını Qurbanlı belə cavablandırıb: “Bəli, bütün komanda xarakter göstərdi. Hamı sona qədər döyüşdü. Hər kəs bütün gücünü meydanda qoydu. Belə olanda qələbə daha şirin olur. Şükürlər olsun Allaha, möhtəşəm qələbə qazandıq. Ümid edirik ki, ardı gələr və pley-offa adlayarıq”.
“Qarabağ”ın forvardı klubun qazandığı uğurların səbəbini də açıqlayıb: “Öz komandamızla, ölkəmizlə, kollektivimizlə qürur duyuruq. Biz bir ailə kimiyik. Qələbələrimizin, uğurlarımızın arxasında da duran ən böyük səbəb budur – bir olmağımız, ailə olmağımız, döyüşkənliyimiz. Bu cür komandalara ancaq ürəklə qalib gələ bilərsən”.
Son xəbərlər
Son Xəbərlər