12 il sonra DÇ-də ilk qələbə - Ekvadorun 19 oyunluq yenilməzliyi sona çatdı

12-il-sonra-dc-de-ilk-qelebe
Oxunma sayı: 1614

2026-cı il Dünya Çempionatının E qrupunda Fil Dişi Sahili millisi Ekvador üzərində minimal hesablı qələbə qazanıb. Qarşılaşmanın taleyini son dəqiqələrdə vurulan yeganə qol həll edib.

“Qafqazinfo” xəbər verir ki, Filadelfiyada keçirilən görüşdə oyuna daha fəal başlayan tərəf Ekvador olub.

Cənubi Amerika təmsilçisi ilk yarım saat ərzində Con Yeboa və Alan Mindanın zərbələri ilə iki dəfə qapı dirəyini nişan alaraq hesabı açmağa çox yaxınlaşıb. Buna baxmayaraq, ilk hissədə qapılara qol vurulmayıb.

İkinci yarıda Fil Dişi Sahilinin baş məşqçisi Emerse Fae heyətdə dəyişikliklər edərək oyunun gedişatını dəyişməyə çalışıb. Meydana sonradan daxil olan Amad Diallo komandasının hücumlarını canlandırıb.

Qarşılaşmanın həlledici anı 90-cı dəqiqədə yaşanıb. Vilfrid Sinqonun sağ cinahdan etdiyi reyddən sonra ötürdüyü topu Amad Diallo dəqiq zərbə ilə qapıdan keçirərək, Fil Dişi Sahilinə 1:0 hesablı qələbə qazandırıb.

Beləliklə, Afrika təmsilçisi DÇ-yə uğurlu start verib. Ekvador isə 19 oyundan ibarət məğlubiyyətsizlik seriyasına son qoyub.

Qeyd edək ki, Fil Dişi Sahili sonuncu dəfə 2014-cü ildə DÇ-də qələbə qazanmışdı.