“Zevs”in qardaşının 10 il həbsi tələb edildi - 4 il iş verildi

zevsin-qardasinin-10-il-hebsi-teleb-edildi
Oxunma sayı: 2622

“Farmaniya.com” dələduzluq piramidasının idarəçisi Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ən ağır ittiham - Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) üzrə bəraət verib. Hökmə əsasən, H.Quliyev təkrar dələduzluqda və qumar oyunları təşkil etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror isə əvvəlki iclasda Hüseyn Quliyevə 10 il həbs cəzası tələb etmişdi.

Qeyd edək ki, 19 yaşlı Hüseyn zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini deyib. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə nail olub.

Xəbəri rus dilində oxuyun: 18 000 жертв и 400 000 AZN - осужден глава Farmaniya.com

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən ötən ilin qışında keçirilən əməliyyatla Hüseyn həbs edilib.

Xatırladaq ki, Hüseyn Quliyev sosial şəbəkələrdə populyar olan “Zevs”in (Ruslan Quliyev) qardaşıdır.

Sail Ağasəlim